Türkiyənin Bilkent Universitetində ortaq konfrans

Bilkent Universitetində Azərbaycanın Türkiyədəki səfirliyi, Bilkent Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə “Türkiyə Cumhuriyyətinin qurulmasının və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” adlı konfrans keçirilib.

 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev tərəfindən tədbir iştirakçılarına ünvanlanmış məktub oxunub. Məktubda Heydər Əliyevin müstəqil Azərbaycanın bütün sahələrinin tərəqqisində əvəzsiz xidmətlərindən, xüsusilə onun rəhbərliyi altında həm Sovet dövründə, həm də müstəqillik illərində ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlərdən, eləcə də Ümummilli Liderin Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi böyük önəmdən bəhs edilib.

 

Sonra Bilkənt Universitetinin rektoru professor Kürşat Aydoğan çıxış edərək ali məktəbin təsisçisi, tanınmış elm xadimi mərhum İhsan Doğramacı ilə Heydər Əliyev arasında səmimi dostluq əlaqələri, bu əlaqələrin iki qardaş ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın dərinləşməsindəki rolu barədə danışıb.

 

AzMİU-nun prorektoru professor Akif Qasımov Bilkənt Universitetinin rektoruna mötəbər tədbirə evsahibliyi etdiyinə görə təşəkkürünü bildirib. Prorektor deyib ki,  Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək vətənpərvərlik, uzaqgörən və məqsədyönlü qərarları sayəsində Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin sürətli, davamlı inkişafına nail olunub. II Qarabağ müharibəsində ölkəmizin parlaq zəfərinə diqqət çəkən professor A.Qasımov Azərbaycan ordusunun qurulmasında Ulu Öndərin sonsuz xidmətlərini qeyd edib, Ümummilli Liderin xüsusi həssaslıqla yanaşdığı və möhkəm təməllər üzərində qurulan Azərbaycan-Türkiyə qardaşlığının strateji əhəmiyyətindən danışıb.

 

Prorektor əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Türkiyə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub və bütün sahələr, o cümlədən ali təhsil üzrə faydalı əməkdaşlıqlar həyata keçirilir.

 

Daha sonra Bilkənt Universitetinin professoru Seçkin Köstem “Cümhuriyyətin 100-cü ildönümündə Türkiyənin xarici siyasəti və Azərbaycan”, AzMİU-nun kafedra müdiri professor İslam Mustafayev isə “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə Türkiyə xarici siyasətində Azərbaycanın dəyişməz yeri, Heydər Əliyevin Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın təşəkkülündə, dərinləşdirilməsində, ölkəmizin bugünkü inkişaf səviyyəsinə yüksəlməsindəki roluna toxunulub.

 

Konfransın sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib və iştirakçılar üçün konsert proqramı nümayiş olunub.

 



01.05.2023 | 17:02