ADPU müəllimləri reytinqlərini yüksəldiblər

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), onun filialları və kolleci üzrə akademik heyətin performansını qiymətləndirmək və rəğbətləndirmə məqsədi ilə 2018-ci ildən tətbiq olunan reytinq qiymətləndirilməsi vasitəsilə hər ilin noyabrında 80 meyar üzrə akademik heyətin reytinqi hazırlanır. 2022-ci il üzrə reytinq qiymətləndirilməsində, ümumilikdə, 1185 nəfər müəllim iştirak edib. Onlardan  735 nəfəri ADPU-nun, 450 nəfəri isə filiallar və kollecin payına düşür.

 

Sənədlərin təhlili və nəticələrin analizinə əsasən, universitetin və müvafiq strukturların nəticələrində ötən illərə nisbətən artım dinamikası müşahidə olunur. Əgər 2021-ci ildə 32 faiz çox iştirakçı, əsasən, 30-100 bal arasında nəticə əldə etmişdisə, 2022-ci ildə bu göstərici 15 faizə düşmüş, əksinə 300-500 bal toplayan iştirakçılarda əsaslı artım olaraq, müvafiq olaraq, 8 faizdən 20 faizə qədər artmışdır. Eyni zamanda müvafiq olaraq, 500 baldan yuxarı bal toplayan iştirakçılar arasında da artım müşahidə olunur, hətta onlar arasında 3000 baldan yüksək nəticə göstərənlər də yer alır.

 

Ümumilikdə, iki ilin müqayisəsinə görə iştirakçıların 83 faizi, 3 ilin müqayisəsinə görə isə 63 faizi reytinq balını artırıb. Ötən il 32 faiz müəllim nəticələrini 100-300 bal qədər, 14 faiz isə 300-500 bal qədər artırıb. Əgər 2021-ci ildə 45 faiz iştirakçının nəticəsi 100 baldan aşağı idisə, 2022-ci ildə bu göstərici 20 faizdən azdır.

 

Ötən il ərzində ADPU-nun akademik heyət üzvlərindən 4,64 faizinin (55 müəllif və həmmüəllifin 92 məqaləsi) Web of science və Scopus bazalarında indekslənən impakt faktorlu jurnallarda, 33 faizinin isə (386 müəllif və həmmüəllifin 872 məqaləsi) AAK tərəfindən tövsiyə olunan nüfuzlu jurnallarda elmi məqalələri dərc olunub. Digər xarici jurnallarda azalma fonunda Web of science və Scopus bazalarında indekslənən impakt faktor göstəriciləri yüksək olan elmi jurnallarda nəşrlərin sayının artdığı müşahidə edilir. 

 

Tələbələrin akademik heyətdən məmnunluq sorğusunun nəticələrinə əsasən, təhsilalanlar müəllimlərin təxminən 60 faizini 100 bal üzərindən 85-100 arasında qiymətləndirir.

 

Hesabatın yekunlarına əsasən, nəticələri qiymətləndirilən 1185 müəllimdən 275 (23 faiz) müəllim mükafatlandırmaya təqdim olunub. Onların aylıq əmək haqqına il ərzində 100 manat həcmində əlavələr ödəniləcək.

 

Bu barədə ADPU-nun Elmi Şurasında Keyfiyyətin təminatı şöbəsinin müdiri  dosent Qalib Şərifov “ADPU-da professor-müəllim heyətinin 2022-ci illərdə fəaliyyətinin Reytinq Qiymətləndirilməsinin yekunları” mövzusunda təqdim etdiyi hesabatda bildirib.  



02.05.2023 | 13:11