Turin Prosesi İşçi qrupunun görüşü keçirilib

Ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyində “Turin Prosesi-2022-2024” üzrə İşçi qrupunun görüşü baş tutub. Tədbirdə bir çox dövlət qurumlarının nümayəndələri, həmçinin Avropa Təlim Fondunun (ATF) nümayəndəsi iştirak edib.

 

Dəyirmi masa formatında keçirilən görüşdə Turin prosesinin milli koordinatoru, İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir əvəzi, müdir müavini Nigar İsmayılzadə insan kapitalı sahəsində inkişaf üçün prioritet istiqamətlərin müəyyənləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi üçün ölkənin növbəti Turin Prosesində iştirakı barədə məlumat verib və Turin prosesinin səmərəli şəkildə aparılması üçün bütün tərəfdaşların iştirakı ilə dialoqun qurulmasının əhəmiyyətini vurğulayıb.

 

Görüşdə qeyd edilib ki, “2022-2024-cü illər üzrə Turin Prosesi”nin əsas istiqaməti qlobal dəyişiklik və tendensiyalara uyğun olaraq ömürboyu öyrənmə və səmərəlilikdir. Turin prosesində data təhlili və siyasət təkliflərinin formalaşması mexanizminə dair ATF-in Azərbaycan üzrə nümayəndəsi Marqareta Nikolovskaya  təqdimat edib və iştirakçılarla müzakirələr aparılıb. Yekunda, növbəti addımlar müəyyən edilib və Turin Prosesindən iştirakçı tərəfdaşların yararlanması ilə bağlı müxtəlif təkliflər verilib.

 

Qeyd edək ki, Turin Prosesinin əsas məqsədi insan kapitalı, habelə peşə təhsili və təlimi sahəsində son üç ildə həyata keçirilən islahat nəticəsində əldə edilən nəticələrin ölkələr üzrə müqayisəsini apararaq, nailiyyətlər və çatışmazlıqları müəyyənləşdirmək, həll yollarını təklif etmək və ümumi inkişaf strategiyasının formalaşmasına yardım göstərməkdir. Avropa İttifaqı peşə təhsili islahatı üzrə həyata keçirilən Kopenhagen prosesindən qaynaqlanan Turin prosesi, ümumilikdə, tərəfdaş ölkələrdə insan kapitalı sistemində müqayisəli şəkildə aparılan islahatların hərtərəfli təhlil çərçivəsini əhatə edir.



03.05.2023 | 11:02