Türkiyənin Qars Qafqaz Universiteti ilə BANM arasında əməkdaşlıq razılaşması imzalanıb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən konfransa qatılıb.

 

Konfransda çıxış edən E.Qasımov bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir: “Azərbaycan üçün xüsusi əhəmiyyətə malik Türkiyənin Qars şəhəri Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ümummilli Liderimiz dəfələrlə bu şəhərə səfər edib və Qars Qafqaz Universitetinin Fəxri doktoru adına layiq görülüb”.

 

BANM-ın rektoru deyib ki, iki qardaş ölkə həm çətin, həm də xoş gündə hər zaman bir-birinin yanında olub. “Türkiyə 44 günlük Vətən müharibəsi zamanı yenə də Azərbaycanın yanında idi, hər cür mənəvi dəstək göstərirdi. Qardaş ölkədə ötən ayın əvvəlində baş verən güclü zəlzələ zamanı ilk köməyə gedən məhz Azərbaycan oldu. Cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir”. Rektor Türk dünyasının ortaq layihələri, strateji əhəmiyyətə malik Zəngəzur dəhlizinin Türk dünyasına verəcəyi faydadan da geniş söhbət açıb.  

 

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu düşmən üzərində qazanılan qələbəni bütün Türk dünyasının birliyi, zəfəri adlandırıb, iki qardaş ölkənin birliyinin əbədi olacağını vurğulayıb. Daha sonra əməkdaşlığa dair təkliflər müzakirə olunub.

 

Tədbirdə, həmçinin Azərbaycan Milli Məclisinin üzvü Müşfiq Cəfərov və Türkiyə Böyük Millət Məclisinin üzvü Yunus Kılıç çıxış edib.

 

Səfər çərçivəsində BANM-ın rektoru E.Qasımovla Qars Qafqaz Universitetinin rektoru H.Kapu arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

 



03.05.2023 | 12:08