ADU-nun rektoru Valideyn Şurasının üzvləri ilə görüşüb

Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla  Valideyn Şurasının üzvləri ilə görüşüb.

 

Qeyd edək ki, Valideyn Şurasının tərkibi universitetin müxtəlif fakültə və  kurslarında təhsil alan tələbələrin, həmçinin magistrantların valideynlərindən ibarətdir.  Şuranın hazırda 20-dən çox üzvü var. Valideyn Şurasının sədri könüllü əsaslarla Təhsil fakültəsinin 207 a qrup tələbəsi Lalə Məmmədovanın valideyni Zülfiyyə Hüseynova seçilib. Şuranın sədri universitetin Elmi Şurası və rektorluğun iclaslarında iştirak haqqına malikdir, həmçinin universitetdə keçirilən tədbirlər, tələbələrin dərs prosesi, imtahan prosesində iştirak etmək və universitetə aid digər məsələlərlə bağlı məlumatların Şura üzvlərinə çatdırılması vəzifəsini icra edəcək.

 

Görüşdə rektor K.Abdulla ADU-da təhsil alan tələbələrin perspektivli gənclər olduğunu valideynlərin diqqətinə çatdırıb. O, gənclərin Ümummilli lider Heydər Əliyevin əmanəti olduğunu deyib: “Bizim əqidəmizdə əmanətə xəyanət yoxdur. O sözlər indiyə kimi mənim qulağımdadır və bugünə kimi həmin tələbələrə əmanət kimi baxırıq, muğayat olmağa çalışırıq”. Rektor valideynlərə ADU-da təhsil alan övladlarından nigaran qalmamalı olduqlarını qeyd edib: “Siz övladlarınızdan arxayın ola bilərsiniz. Onlar burada bir ailənin içindədirlər”. Tələbələrlə mütəmadi görüşlərin keçirildiyini deyən rektor K.Abdulla valideynlərlə də səmimi və faydalı münasibətlərin qurulması üçün bütün səylərin göstəriləcəyini dilə gətirib.

 

K.Abdulla universitetin Valideyn Şurasının fəaliyyəti ilə yanaşı, fakültələr üzrə Valideyn Şurasının yaradılmasını da zəruri hesab edib. Rektor universitetdə daima keçirilən rəsmi görüşlər, layihələr, o cümlədən bu yaxınlarda universitetin birinci kursunda təhsil alan tələbələrin ehtiyacı olan bədii kitabların universitetin maliyyəsi hesabına verilməsi haqqında məlumat verib.

 

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev, Tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov Valideyn Şurasının yaradılmasını yüksək qiymətləndiriblər. Çıxış edənlər valideynlərin universitetin yalnız tədris işlərində deyil, həmçinin sosial-ictimai həyatında da fəal iştirak etmələrini, onların tövsiyə və təkliflərinin inkişaf üçün mühüm amil olacağını söyləyiblər.

 

Valideynlər, öz növbəsində uşaqlarının ADU-da təhsil almaqlarından qürur duyduqlarını  diqqətə çatdırıb,  keyfiyyətli tədris prosesi, şəffaflıq, tələbələrə  qayğıkeş münasibətdən razılıqlarını ifadə ediblər.

 

Görüş müzakirələrlə davam edib.



04.10.2018 | 18:44