“Ən yaxşı elmi məruzə” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən gənc alim və mütəxəssislər arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Tədbirdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edib, Ümummilli Liderin keçmiş SSRİ dövründə respublikaya rəhbərlik etdiyi zaman ölkəmizi durğunluq vəziyyətindən çıxararaq, qabaqcıl respublikalar sırasına daxil etməsindən danışıb. Akademik bildirib ki, tarixi şəxsiyyətin ikinci hakimiyyəti dövründə ölkəmiz 90-cı illərin əvvəllərində yenidən müstəqilliyini itirmək təhlükəsindən xilas olunub, düşdüyü siyasi və iqtisadi böhrandan qurtulub: “1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikamızın ən çətin vaxtında hakimiyyətə qayıtdı, yenicə müstəqillik qazanmış, amma kövrək olan bir dövləti tənəzzüldən tərəqqiyə apardı, bununla da ölkədə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, ordu quruculuğu təşəkkül tapdı. Daha sonra onun layiqli davamçısı cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə, şahidlərimizin, qazilərimizin canı-qanı bahasına erməni işğalına son qoydu və xalqımıza qələbə sevinci yaşatdı”.

 

O, Ümummilli Lider Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə, təhsilə və mədəniyyətə böyük diqqət yetirdiyini, gənclərə hər bir sahədə böyük dəstək verdiyini söyləyib.

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev kimi dünya miqyaslı dövlət xadimi, tarixi şəxsiyyətin məhz Azərbaycan xalqının qismətinə düşməsi böyük iftixar hissi yaradır:”Heydər Əliyevin xarici siyasəti müstəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemlərimizi həll etmək, xalqımızın dünya xalqları arasında özünəlayiq yer tutmasına nail olmaq məqsədi daşıyıb”.

 

YAP İdarə Heyətinin üzvü, Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Ümummilli Lider Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan, fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hisslərindən danışıb.

 

Ə.Sucayev institutda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən müsabiqələrin artıq 10 ildir, ənənəvi hal aldığını və hər il Ümummilli Liderin anadan olduğu tarixə həsr edildiyini söyləyib. O, bu cür müsabiqələrin gənc tədqiqatçıların elmi məruzə etmək və məqalə yazmaq vərdişlərinə yiyələnmələrində mühüm rol oynadığını bildirib.

 

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova çıxış edərək “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçimi zamanı ekspert dəyərləndirməsinin şəffaf aparıldığını vurğulayıb.

 

Beləliklə, Ekspertlər Komissiyasının qərarı ilə institutun kiçik elmi işçisi, I kurs doktorant Nərgiz Məcidi müsabiqənin I, kiçik elmi işçi, II kurs doktorant  Lalə Əliyeva II, kiçik elmi işçi Mirəli İsakov isə III yerə və institutda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Sabah qruplarının tələbəsi Çinarə Zayıdova sertifikata layiq görülüblər.

 



04.05.2023 | 15:02