Fransa universitetləri ilə AzMİU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq müşaviri Şarl Dönie, mədəniyyət işləri üzrə müşaviri Pier Antuan Ferrasen və təhsil işləri üzrə müşaviri Oqüsten Üo Sen-Alben Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

 

Qonaqlarla AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov və beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva görüşüblər. Görüşdə Fransa universitetləri ilə AzMİU arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Söhbət zamanı mövcud əməkdaşlıq əlaqələrinə vurğu edilərək yeni əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üzrə detallar, potensial layihələr haqqında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, AzMİU-nun Fransanın Monpelye Universiteti, Qrenobl Akademiyası, Paris Universiteti və Paris Sedeks Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu universitetlərlə birbaşa, yaxud da beynəlxalq təhsil layihələri, o cümlədən “Erasmus+” çərçivəsində əməkdaşlıq edilir.

 



04.05.2023 | 17:04