“İnklüzivliyə doğru növbəti addım”

Aprelin 27-də Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə Bakı Slavyan Universitetinin (BSU) Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə birgə təşkil etdiyi “İnklüzivliyə doğru növbəti addım” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Tədbir cari ilin 2 iyun tarixində BSU-da keçiriləcək “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı II Respublika elmi-praktik konfransı öncəsi bir neçə regionda (Şirvanda, Şamaxıda, Qusarda) nəzərdə tutulmuş silsilə tədbirlərdən biridir. Bu görüşlərin keçirilməsində başlıca məqsəd regionlarda inklüziv təhsillə bağlı vəziyyəti öyrənib müzakirə etmək, fikir mübadiləsi əsasında ümumiləşdirmələr aparmaq və nəticədə respublikamızın inklüziv təhsilinə töhfələr verməkdən ibarətdir.

 

Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra BSU-nun nümayəndə heyəti məktəbin Heydər Əliyev Muzeyində Ulu Öndərin keçdiyi şərəfli, zəngin həyat yolunun müxtəlif dövrlərini əks etdirən məlumatlar, kitablar və fotolarla tanış olub.

 

Tədbiri Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev açaraq ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsinin dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edildiyini bildirib. Bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu sahədə olan qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırıldığı diqqətə çatdırılıb. Təhsil İdarəsinin müdiri “dəyirmi masa”nın keçirilməsinin, regionlarda inklüziv təhsillə bağlı universitet, yerli icma və yerli məktəblər, təhsil müəssisələri arasında müzakirə və fikir mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. Bu məqsədlə “dəyirmi masa”da bir sıra məktəb rəhbərlərinin iştirak etdiyini qeyd edib. Rövşən Əliyev tədbirin iştirakçılar üçün faydalı olacağından əminliyini ifadə edib.

 

BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov rektor Anar Nağıyevin salamlarını “dəyirmi masa” iştirakçılarına çatdırıb. O, 2005-ci ildə BMT-nin davamlı inkişaf məqsələrinin qəbul olunduğunu və 17 məqsəddən birinin məhz davamlı təhsil və inklüzivlik olduğunu bildirib. Təhsil müəssisələrində inklüziv təhsilin qurulması zərurətindən və müasir dövrdə inklüziv təhsilin əhəmiyyətindən söz açıb. Bu sosial qrupa aid olan uşaqların ünsiyyətinin vacibliyini, inklüziv təhsilin cəmiyyətdə bərabər təhsil mühitinin yaradılmasındakı mühüm rolunu nəzərə çatdırıb. İnklüziv təhsillə bağlı təbliğat işinin də vacibliyini qeyd edən prorektor BSU-da İbtidai təhsil kafedrasında inklüziv təhsil qrupunun yaradıldığını deyib.

 

BSU-nun Elmi işlər üzrə prorektoru Nailə Xəndan “dəyirmi masa”nın əhəmiyyətini vurğulayaraq, sosiallaşmanın əlilliyi olan uşaqların təhsilində rolundan danışıb. İnklüziv təhsilin bu uşaqların gələcəkdə həm təhsilin bütün pillələrində, həm də iş həyatında zəruri olduğunu deyib.

 

BSU-nun təhsil fakültəsinin dekanı Sevinc Axundova gələcək birgə əməkdaşlıq üçün bu “dəyirmi masa”nın rolunu vurğulayıb. Fakültə barədə məlumat verərək, tədris olunan ixtisaslara 2022-ci ildən psixologiya və korreksiyaedici təlim ixtisaslarının əlavə olunduğunu qeyd edib. İnklüziv təhsilin bu ixtisasların da fənn bloklarında nəzərdə tutulduğunu vurğulayıb. BSU-nun inklüziv strategiyasının həyata keçirilməsində bir sıra addımların atıldığını diqqətə çatdırıb, bu sahədə keçirilən tədbirləri, o cümlədən maarifləndirmə həftəsi, xüsusi tematik otaqların təşkil olunması, inklüziv təhsil üzrə mütəxəssislərin terapiya və oyun otaqlarında təlimlər keçdiyini qeyd edib. Beynəlxalq ekspertlərin, həmçinin qeyri-hökumət təşkilatlarının, dövlət idarələri və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə seminarların təşkil olunduğunu vurğulayıb.

 

BSU-nun ibtidai təhsil kafedrasının müdiri Aytəkin Axundova kafedranın fəaliyyətindən danışaraq, inklüziv təhsillə bağlı layihənin 2014-cü ildən başladığını deyib. Kafedrada inklüziv təhsilin tədrisindən, “İnklüziv təhsildən inklüziv cəmiyyətə doğru” “dəyirmi masa”dan söz açıb, əlilliyi olan uşaqların cəmiyyətə qazandırılması üçün BSU tələbələrinin könüllü kimi layihənin işində fəal iştirak etdiyini, gələcəkdə məzunların əlilliyi olan uşaqlarla işləyən, əmək bazarında bu sahədə peşəkar kadrlar  kimi formalaşdığını bildirib.

 

ADPU-nun və BSU-nun ibtidai təhsil kafedrasının dosenti Gülşən Eminova “İnklüziv təhsilin səmərəli həyata keçirilməsi üçün vacib olan şərtlər, sinif strategiyaları və yardımçı təlim texnologiyaları” mövzusunda məruzə ilə çıxış edib. O, inklüziv təhsilin tətbiqindən söz açıb, dərslərin təşkili zamanı əlilliyi olan uşaqların və digər həssas qruplardan olan şagirdlərin  nəzərə alınması, təhsilin əlçatanlığı, hamıya ədalətli və bərabər yanaşma  strategiyasının zəruri olduğunu deyib. BSU-da təşkil olunmuş “İnklüziv təhsil inklüziv cəmiyyətə doğru” konfransından bəhs edərək, layihə çərçivəsində son iki il ərzində BSU-nun təhsil fakültəsinin tələbələrinin əlilliyi olan və əlilliyi olmayan uşaqlarla işləyərək təcrübə qazandıqlarını qeyd edib. Ölkəmizdə inklüziv təhsilin inkişafı ilə əlaqədar müxtəlif vaxtlarda təsdiq olunmuş qanunvericilik bazasına da toxunub.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin sektor müdiri Gülnisə Ələkbərova çıxışında xüsusilə bölgələr üzrə əlilliyi olan uşaqların təhsilə yönəldilməsinin vacibliyini qeyd edib, bu fəaliyyətin onların mühitə uyğunlaşdırılması məqsədi daşıdığını vurğulayıb. Bu sosial qruplara aid olan həm uşaqlar, həm də valideynlərin görüşlərinin təşkil olunmasının vacibliyini qeyd edib.

 

ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova filialın Heydər Əliyev Fondunun müəllimlərin inklüziv təhsilə cəlb olunması layihəsində təmsil olunduğunu deyib. Layihə çərçivəsində İnklüziv tədris mərkəzinin yaradıldığını qeyd edərək, mərkəzin fəaliyyətinə toxunub.

 

Şamaxı Dövlət Regional Kollecinin direktoru, dosent İlham Vəliyev kollec haqqında məlumat verib, bu təhsil müəssisəsinin inklüziv təhsil ixtisasının mövcudluğundan söz açıb. O, inklüziv təhsil üzrə kadr potensialının formalaşdırılması zərurətini qeyd edib.

 

BSU-nun İbtidai təhsil kafedrasının dosenti Hafiz Əliyev inklüziv təhsilin metodikasından və baş müəllimi Fidan Əfəndiyeva əlilliyi olan uşaqlarla inklüziv təhsilin təşkilindən danışıblar.

 

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.



05.05.2023 | 10:02