“TEKNOFEST-2023”-ün QALİBLƏRİ

27 aprel - 1 may tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində altıncı ildir təşkil edilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalı keçirilib. Beynəlxalq status daşıyan “TEKNOFEST” Türkiyənin kosmos, aviasiya, texnologiya sahələrində sürətli inkişafının göstəricisi olmaqla dünyada xüsusi marağa səbəb olub.

 

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi möhtəşəm festival mötəbərliliyi ilə yadda qalıb və iki qardaş ölkənin hər zaman birlikdə olmasını bir daha sübut edib.

 

“TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi olub. Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirilib. “Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənilib.

 

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən builki “TEKNOFEST” festivalı Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilib. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunub.

 

Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çox olub. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilib.

 

Qürur hissi ilə bildiririk ki, “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında iştirak edən Bakı Dövlət Universitetinin və Bakı Mühəndislik Universitetinin komandaları Vətənimizi layiqincə təmsil edərək yüksək nəticələr əldə ediblər.

 

Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi ilə festivalda 1-ci yerə, “Humantek” komandası isə “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə 3-cü yerə layiq görülüb.

 

Bakı Mühəndislik Universitetinin (BMU) 5 tələbəsindən (Nadir Daşdıyev, Ayişə Xudiyeva, Rəhbər Əhmədov, Kamran Abdullazadə, Kənan Məmmədov) ibarət “RED X” komandası Türkiyədə keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalınında  “PUA-Pilotsuz Uçuş Aparatı” layihəsi ilə təmsil olunub. Universitetin mühəndislik fakültəsinin mexanika mühəndisliyi kafedrasının müəllimi Sahib Mütəllibovun mentorluğu, fakültənin laboratoriya müdiri Rüstəm Kələntərlinin texniki dəstəyi ilə tələbələrin hazırladıqları hərbi məqsədli tibbi ləvazimat daşıya bilən, kuryer vəzifəsini yerinə yetirə və bənzər yerlərdə əlverişliliyini göstərə bilən sabit qanadlı, sadə və ergonomik PUA aprel ayının sonu Türkiyədə sınaq uçuşu həyata keçirildikdən sonra aprelin 27-dən mayın 1-dək İstanbulda keçiriləcən festivalda nümayiş olunub və 4-cü yerə layiq görülüb.

 

Qalibiyyətlə Vətənə yenicə dönən “TEKNOFEST-2023” iştirakçılarımızın sevincinə şərik olaraq onların təəssüratları ilə tanış olduq. Bu xoş hissləri oxucularımızla da bölüşürük:

 

“Birlikdə layihələr hazırlamaq haqqında gələcək planları qururuq”

 

İlyas Nəsibov, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru: “BDU-da 2022-ci ildə Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi yaradıldıqdan sonra biz tələbələrdən ibarət komandalar formalaşdıraraq Azərbaycanda keçirilən “TEKNOFEST” festivalına qatıldıq və 3 komandamız qalib oldu. Daha sonra biz “TEKNOFEST” Karadeniz və Samsunda Azərbaycan pavilyonunda iştirak etdik və qalib layihələrimizi təqdim etdik. “TEKNOFEST-2023” festivalında isə BDU 4 komanda və 6 layihə ilə təmsil olundu. Kapitanı olduğum “BSU Creativity Workz” komandası tərəfindən toplamda təqdim olunan 3 layihə final mərhələsinə vəsiqə qazandı: 2 layihəmiz Çevrə və enerji kateqoriyası üzrə, 1 layihəmiz isə Ağıllı nəqliyyat texnologiyaları kateqoriyası üzrə. Bu, Azərbaycan üçün bu il bir rekord idi.

 

Bizim qalib olduğumuz kateqoriyada qatılan komandaların sayı 24600 idi. Biz ilk növbədə 109 komanda arasında ən yüksək balla birincilik qazanaraq finala keçdik. Daha sonra final mərhələsində bu komandalar ələnərək 25-ə endi. Final mərhələsində isə biz münsiflər heyətinin rəğbətini qazanaraq 1-ci yerə layiq görüldük, qızıl medal alaraq qalib olduq. 1-ci yerə layiq görülən layihəmizin adı “Driver’s Eye”, yəni süni intellektə əsaslanan qəza təxmin texnologiyası olaraq hazırlanmışdır. Bu, avtomobilə əlavə edilə bilən bir sistem olaraq yolda baş verə biləcək qəzaları, sürücülər üçün olan kor nöqtələri, yol kəsişmələrindəki təhlükələri, piyadaları süni intellekt əsasında kameralar vasitəsilə müəyyənləşdirərək həm avtomobilin sürücüsünü, həm də şüşədə yerləşdirilən ekran sayəsində arxadan gələn sürücüləri də hər hansı təhlükə ilə bağlı xəbərdar edə bilən bir sistem olaraq inkişaf etdirilmişdir.

 

Fiziki yorğunluğa, güclü və təcrübəli, uğurlu rəqiblərə baxmayaraq festivaldan çox gözəl təəssüratlarla qayıtmışıq. “TEKNOFEST-2023”-də Türkiyənin Yıldız Teknik Universiteti, ODTÜ, Qazi və s. öndə gələn universitetlərini təmsil edən, müxtəlif kateqoriyalar üzrə 96 ölkədən gələn güclü komandalar yarışırdı. Buna baxmayaraq, biz onların arasından sıyrılaraq birinci ola bildik. Biz qalib olduqdan sonra həmin rəqib komandaların üzvləri də bizi təbrik etdilər, bizim layihəmizin müxtəlif xüsusiyyətlərinin onlarınkından yaxşı olduğunu vurğuladılar. Onlar bizə müxtəlif texnoloji layihələri ortaq hazırlamağı, inkişaf etdirməyi təklif etdilər. Biz də onların hər birini Vətənimizə, Bakı Dövlət Universitetinə dəvət etdik. Artıq biz onlarla ünsiyyətdəyik və birlikdə layihələr hazırlamaq haqqında gələcək planları qururuq”.

 

“Biz yeni-yeni layihələr ərsəyə gətirəcəyik, Vətənimiz üçün uğurlu nailiyyətlər bəxş edəcəyik”

 

Nadir Daşdıyev, BMU-nun “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi: “Mən 16 yaşında Bakı Mühəndislik Universitetinə daxil olmuşam. I kursda oxuyarkən Azərbaycanda keçirilən “TEKNOFEST” festivalında “RED” adlanan komandamız Robototexnika kateqoriyası üzrə 1-ci yerin qalibi olmuşdu. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Nobel mükafatı laureatı professor Əziz Səncər bizi mükafatlarla təltif etmişdilər. Bu il isə II kursda Dron texnikası üzrə yeni “RED X” komandasını qurdum. Komandamız “TEKNOFEST-2023” festivalına qatılmaq üçün qeydiyyatdan keçdi. 2700 komandadan 120 komanda finala qaldı və həmin 120 komandanın içərisindən bizim komandamız Bursaya vəsiqə qazandı.

 

“TEKNOFEST-2023” festivalında biz yeganə Azərbaycan komandası idik ki, hərbi məqsədli  “PUA-Pilotsuz Uçuş Aparatı” layihəsi ilə qatılmışdıq.Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti Hasan Mandal layihəmizlə yaxından tanış oldular. Hasan Mandal bizim layihəmiz olan PUA-nı imzaladı, bizimlə səmimi söhbət etdi, hər zaman bizə dəstək olacağını dedi. Hazırladığımız hərbi məqsədli tibbi ləvazimat daşıya bilən, kuryer vəzifəsini yerinə yetirə və bənzər yerlərdə əlverişliliyini göstərə bilən sabit qanadlı, sadə və erqonomik PUA Bursa şəhərindəki sınaq uçuşlarından sonra aprelin 27-dən mayın 1-dək İstanbulda keçirilən festivalda nümayiş olundu. Komandamız 4-cü yerə layiq görüldü. Qeyd etmək istərdim ki, orada daha ağır çəkili PUA-lar havaya buraxılırdı. Bizim PUA-nın isə cəmi 900 qram çəkisi olmasına baxmayaraq küləkli havada belə manevr edirdi, bu da münsiflər heyətinin və iştirakçıların heyrətinə səbəb olmuşdu. Biz hazırladığımız PUA-ya qırıcılarda istifadə edilən cihazlar yerləşdirmişik, buna görə də layihəmiz istənilən hava şəraitində uğurla uçuş həyata keçirməyə qadirdir. “TEKNOFEST-2023” festivalında çox maraqlı layihələrlə tanış olduq. Bu festivalda iştirak bizə böyük təcrübə qazandırdı. Çox ümid edirik ki, bu təcrübəyə əsaslanaraq biz yeni-yeni layihələr ərsəyə gətirəcəyik, Vətənimiz üçün uğurlu nailiyyətlər bəxş edəcəyik”.

 

“Azərbaycan gənci hər zaman böyük qalibiyyətlər əldə etməyə qadirdir”

 

 

Rəhbər Əhmədov, BMU-nun “Mexanika mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi: “Rəqabətin texnologiya və dostluqla harmoniya təşkil etdiyi dünyanın ən böyük texnoloji festivalı olan “TEKNOFEST-2023”-də iştirak etmək çox özəl və əvəzolunmaz bir hiss idi. Finalda yarışmanın özü belə mənə böyük bir həyəcan və sevinc yaşatdı. Digər komandalarla qurulan yoldaşlıqlar, hər çətinliyə rəğmən həyata keçirilməyə çalışılan layihələr, yüksək vəzifəli şəxslərin göstərdikləri sadəlik, nəzakət və qayğı “TEKNOFEST”-i unudulmaz edən xüsusiyyətlərdən bir neçəsidir. Bütün qeyri-mümkünlərə baxmayaraq bu yerə gəlməklə ifadə edilməyəcək sevinc hissi yaşadıq. Biz bir daha sübut etdik ki, yüksək potensiala malik Azərbaycan gənci hər zaman böyük qalibiyyətlər əldə etməyə qadirdir”.

 

 

“İki dövlət, bir millət və bir yumruq!” şüarı bizim üçün çox güclü bir motivasiya qaynağı oldu”

 

Rəvanə Sadıxlı, BDU-nun Elmi-təşkilati şöbəsinin mütəxəssisi: “Mən BDU-nun əməkdaşı və eyni zamanda “BSU Creativity Workz” komandasının üzvüyəm. Biz komanda olaraq “TEKNOFEST-2023” festivalının final mərhələsinə 3 layihəmizlə vəsiqə qazandıq.“Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəmiz 1-ci yerə layiq görüldü. Bildirmək istəyirəm ki, festivalla bağlı çox yüksək təəssüratlara sahibik. Biz yalnız komanda olaraq orada çıxış etmirdik, Azərbaycan gəncliyini təmsil etdiyimizi hiss edirdik. Xüsusilə cənab Prezident İlham Əliyevin çıxışı və çıxışında qeyd etdiyi “İki dövlət, bir millət və bir yumruq!” şüarı bizim üçün çox güclü bir motivasiya qaynağı oldu. Məhz bunun sayəsində biz münsiflər heyəti qarşısında çox dolğun və vətənpərvər ruhla çıxış etdik. Düşünürəm ki, bu da bizim təqdimatımıza faydasını verdi”.

 

 

“Bakı Dövlət Universiteti adından iki qalib komanda ilə ölkəmizə qayıtmaq bizim üçün böyük bir qürurdur”

 

Jalə Heydərli, BDU-nun fizika fakültəsinin IV kurs tələbəsi: “Mən “Humantek” komandasının tədqiqatçısıyam. “TEKNOFEST-2023” festivalında Azərbaycanı təmsil edib qalib olaraq qayıtdığımız üçün çox sevinirəm. Xüsusən də Azərbaycan universitetləri üzrə bu beynəlxalq yarışda Bakı Dövlət Universiteti adından iki qalib komanda ilə ölkəmizə qayıtmaq bizim üçün böyük bir qürurdur. Layihəmiz haqqında ətraflı məlumat verməmişdən əvvəl bu layihəyə haradan yola çıxdığımız haqqında danışmaq istəyirəm. Hesablamalara əsasən şirin su ehtiyatlarında ciddi şəkildə azalmalar müşahidə edilir. Şirin suyun ən çox israf edildiyi sahələr aqrar və sənaye sahələridir. Təəssüf ki, elm nə qədər inkişaf etsə də bu problemə suya qənaət etməkdən başqa həll yolu tapılmayıb. Aqrar sahədə suya qənaət etməyin ən yaxşı üsulu bizim hazırladığımız bu cihazı əkin sahələrində tətbiq etməkdir. Hazırladığımız “Ağıllı damla sulama sistemi” bir mərkəz və ərazinin böyüklüyündən asılı olaraq 6-ya qədər sahə stansiyasından ibarət sistemdir. Sahə stansiyalarına quraşdırdığımız nəm sensorunu torpağa yerləşdirməklə torpağın nəmliliyi və hava temperaturuna bağlı olaraq yalnız ehtiyac olduğu zamanlarda sulama prosesi həyata keçirərək suya qənaət etmək mümkündür. Bu layihəmiz Türkiyədə ciddi marağa səbəb oldu. Stendimizə yaxınlaşan hər kəs cihazın necə önəmli və hər kəs üçün əlçatan olduğunu vurğuladı. Hətta bəzi bu işlə məşğul olan vətəndaşlar cihazı necə əldə edəcəkləri barədə bizdən məlumat aldılar.

 

Biz düşünürük ki, qısa zaman ərzində cihazımızı patentləşdirə bilərik, yəni satış üçün hazır vəziyyətə gətirməyi düşünürük. Sonda vurğulamaq istərdim ki, su ehtiyatlarının tükənməsi nəinki Azərbaycan, bütün dünya üçün çox ciddi problemdir və biz bu problemin həll yolu üçün maksimum şəkildə çalışmalıyıq. Bütün əkinçilərin də bu cihazı öz sahələrində istifadə edə bilmələri üçün maksimum dərəcədə layihəni genişləndirməliyik”.

 

“Zəruri sərmayə + fədakar mentorlar + çalışqan tələbələr = yüksək nəticə”

 

AişəXudiyeva, BMU-nun “Mexanika mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi: “Mənim “TEKNOFEST-2023” festivalında iştirakımla bağlı ən gözəl təəssüratlarım ondan ibarətdir ki, dünyanın dörd bir tərəfindən gələn komandalar arasında final mərhələsinə yüksəlməyimizlə Azərbaycanımıza və doğma universitetimizə bir qürür gətirmiş olduq. Festival  boyunca əsas ruhun gənc mühəndislərin müasir texnoloji bilgiləri bir-biri ilə paylaşma üzərində əsaslanmış yarış olduğunu gördük. Bir sözlə, bu yarışmanın digər yarışmalardan əsas fərqi rəqib komanda anlayışının olmaması idi. Əldə etdiyimiz yüksək nailiyyətə əsasən, mexanika laboratoriyasının müdiri, eyni zamanda yarışma boyunca bizə rəhbərlik edən müəllimimiz Rüstəm Kələntərovun söylədiyi bir düstur bizi bir daha yəqin etdi ki, Azərbaycan tələbəsi yüksək nəticələrə çata bilər. Düstur isə belədir: “Zəruri sərmayə + fədakar mentorlar + çalışqan tələbələr = yüksək nəticə”.

 

 

Lamiyə ƏLİMƏRDANOVA

 



05.05.2023 | 11:17