“Heydər Əliyev dayanıqlı peşə təhsilinin yaradıcısıdır”

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktik, metodiki jurnalının redaksiyası bu münasibətlə “dəyirmi masa” təşkil edib. “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” adlı tədbirdə Təhsil İnstitutunun və  Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, müxtəlif universitet və peşə təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov  Ulu Öndərin peşə təhsilinin inkişafında oynadığı böyük rola diqqət çəkib: “Bu il peşə təhsilinin yaranmasının 180 ili tamam olur. Bu 180 illik tarixə nəzər salanda görürük ki, bu sahənin yüksəliş dövrü Heydər Əliyevin hakimiyyətdə olduğu illərə aiddir. Bu sahədə ən əlamətdar hadisələr həmin illərdə baş verib, peşə təhsilinin əhatəsi genişlənib, keyfiyyəti yüksəlib”.

 

C.Kərəmov 1968-1982-ci illərdə peşə təhsilinin əhatə dairəsinin genişlənməsini nəzərdə tutan tədbirlərə diqqət çəkib. Onun sözlərinə görə, həmin illərdə sadəcə şəhərdə yox, hətta kəndlərdə də peşə təhsili müəssisələrinin yaradılmasına start verilib.

 

Peşə təhsilinin iqtisadiyyatın qabaqcıl sahələri ilə inteqrasiyası istiqamətində tədbirlərə nəzər salan C.Kərəmov deyib ki, iqtisadiyyatın ən aparıcı istiqamətlərinə xidmət edəcək peşəkar kadrların hazırlandığı,  yeni ixtisaslar, yeni proqramların ən çox yarandığı dövr Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdir.

 

Müstəqillikdən sonrakı dövrdə qəbul edilən “ Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” qərar da Heydər Əliyev dövrünə  aiddir.

 

Bu strategiyanın hazırda da davam etdirildiyini vurğulayan C.Kərəmov hesab edir ki, bu addımlar  Ulu Öndərin Azərbaycanda dayanıqlı peşə təhsilinin yaradılması ilə bağlı vizyonunun məntiqi davamıdır.

 

Daha sonra jurnalın baş redaktoru Şahbaz Balakişiyev  “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” mövzusuna həsr edilmiş təqdimatla çıxış edib. O, 1843-cü ildə Şəkidə ilk peşə məktəbinin yaradılmasından bəri  ötən 180 illik tarixə nəzər salıb. Peşə təhsilini inkişaf dövrlərinə görə təhlil edən baş redaktor Heydər Əliyevin hakimiyyətdə olduğu illəri peşə təhsilinin inkişafının başladığı  dönəm kimi xarakterizə edib.

 

Tədbirdə Ulu Öndərin həyat yoluna işıq salan video-çarx maraqla qarşılanıb.

 

Təqdimatdan sonra tədbir iştirakçıları çıxış edərək Ulu Öndərin dəyərli irsinin həmişə xalqımız üçün gərəkli olduğunu və gələcək nəslin bu irsdən səmərəli bəhrələnəcəyindən əmin olduqlarını qeyd ediblər.

 

Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr oluan tədbirin əsas məqsədi Ulu Öndərin peşə təhsilinin inkişafındakı roluna diqqət çəkmək, bu sahədə başladılan  islahatları Prezident İlham Əliyevin uğurla həyata keçirməsini işıqlandırmaq olub.

 

Ruhiyyə DAŞSALAHLI

 



05.05.2023 | 13:06