Müəllim olmaq missiyası

Bu gün ölkəmizin  çoxminli müəllim ordusu özünün peşə bayramını - Beynəlxalq Müəllimlər Gününü  qeyd edir. Hər birimizin qəlbində, ruhunda müəllim zəhmətindən pay, müəllim nurundan zərrə olduğundan onların bayramı elə hamımızın bayramıdır.

 

Müəllimlik dünyada ən gərəkli və dəyərli peşə sayılır. Çünki müəllim yetirmələrinə gizlədilməsi mümkün olmayan gözəllik bəxş edir, yəni bilik öyrədir, həyat üçün zəruri olan bacarıq və vərdişlər aşılayır. İnsanın kamilləşməsi, əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı onun aldığı təlim-tərbiyədən və bu prosesi düzgün diaqnozlaşdıran, layihələndirən və həyata  keçirən müəllimlərdən asılıdır. Ona görə də müəllimin bütün zamanlarda və bütün cəmiyyətlərdə məqamı və sosial statusu üstün olub, o, ən hörmətli şəxs sayılıb. Dünyanın ən böyük şəxsiyyətləri, müdrik dövlət adamları, dahilər  müəllim əməyini həmişə yüksək qiymətləndiriblər. Böyük yunan filosofu Platon "Mən müəllimi atamdan çox istəyirəm, çünki atam məni göylərdən yerə endiribsə, müəllimim məni yerdən göyə qaldırıb" deyib. 

 

Biz öz övladlarımızı-gələcəyimizi, işıqlı sabaha bəslədiyimiz ümid və arzularımızı  həmişə müəllimə etibar edirik. 

 

Və bu gün-bu bayram günündə qeyd etmək xüsusilə xoşdur ki , müəllimlərimiz bu etimadı peşələrinə sədaqət, millətə sevgi ilə, yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə doğrulda bilirlər. Bu gün onların üzərinə  daha böyük və məsuliyyətli vəzifə düşür: texnoloji tərəqqinin tamamilə dəyişdiyi yeni dünyanın vətəndaşlarını yetişdirmək. Həmişə öz missiyasının öhdəsindən peşəkarlıq və ləyaqətlə gələn Azərbaycan müəlliminin bu gün zamanın yeni çağırışlarına da adekvat cavab verə biləcəyinə şübhəmiz yoxdur.

 

Tərəqqini təmin edən təhsilə, insan tərbiyəsinə cavabdehlik daşımaq böyük şərəf və məsuliyyət yüküdür. Bu məsuliyyəti anlayan Azərbaycan müəllimi bu gün ölkədə həyata keçirilən təhsil islahatlarının önündə gedir, onun aparıcı qüvvəsini təşkil edir. Bu da təsadüfi deyil. Çünki təhsil üçün yaradılan ən yaxşı şərait, ən mükəmməl maddi-texniki təchizat, ən müasir texnoiogiya və təlim üsulları belə,  yalnız öz işinin ustası olan, yüksək intellektə, innovativ düşüncə tərzinə yiyələnmiş müəllim olduqda səmərə verə bilər.

 

Son illər ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu durmadan yüksəlir. Bunu ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq müəllimlik ixtisaslarını seçən gənclərimizin, eləcə də müəllim işləmək arzusunda olanların sayının ildən-ilə artdığını göstərən rəqəmlər də sübut edir: 2018-2019-cu  tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın müəllim iştirak edib. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub. Son illər ərzində pedaqoji ixtisaslar üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən  qəbul imtahanlarında itirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib.

Başqa bir maraqlı fakt və müqayisə də müəllimliyə meylin  gənclər arasında artdığına dəlalət edir: 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər idisə, builki qəbul imtahanlarında belə abituriyentlərin sayı 235 olub.

 

Diqqətəlayiq haldır  ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də  sentyabrın 14-də Bakının Maştağa qəsəbəsindəki 28 nömrəli tam orta məktəbin açılış mərasimindəki çıxışında ölkədə müəllim olmaq istəyənlərin sayının və müəllim peşəsinin hörmətinin artdığını xüsus qeyd edib. Bütün bunlara səbəb isə ölkəmizdə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, pedaqoji kadrların işə qəbulunun şəffaf  təşkili,  bu istiqamətdə atılmış və atılmaqda olan digər addımlardır. Hər il onlarla müəllim dövlət başçısının xüsusi sərəncamları ilə təhsildəki xidmətlərinə görə orden və medallarla təltif olunur, fəxri adlara layiq görülür. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, hər il ucqar məktəblərdə işə qəbul olunan yüzlərlə müəllimə stimullaşdırıcı tədbirlər tətbiq edilir. Ötən dərs ili üzrə  müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın  müəllimin 3000 nəfərdən çoxu ucqar bölgələrdə fəaliyyətə başlayıb. Hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirləri tətbiq olunur.

 

Bütün bunlar, təbi k, həm müəllimlik peşəsinin cazibədarlığını artırır, həm də müəllim olmaq missiyasının yeni üfüqlərini müəyyən edir.

 

Müəllimlərimizi, bütün təhsil işçilərini bu əlamətdar gün münasibətilə  ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

 

Yusif ƏLİYEV



05.10.2018 | 09:40