Naxçıvan Dövlət Universitetinin magistrantları üçün ustad dərsi

Naxçıvan Dövlət Universitetinin (NDU) pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə professor İntiqam Cəbrayılovun "Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi" mövzusunda ustad dərsi təşkil olunub.

 

Əvvəlcə Magistratura və doktorantura mərkəzinin direktoru biologiya elmləri doktoru, professor Etibar Məmmədov çıxış edərək bildirib ki, ali təhsil ocağında 86 ixtisas üzrə magistrant hazırlığı aparılır. 

 

Sonra pedaqogika və psixologiya kafedrasının müdiri dosent Taleh Xəlilov professor İntiqam Cəbrayılov haqqında qısa məlumat verib. Bildirib ki, İ.Cəbrayılov Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən doktorant və gənc tədqiqatçıların respublika elmi konfranslarında pedaqogika va psixologiya bölməsinə rəhbərlik edir. Onun doktorant və gənc tədqiqatçılar üçün elmi seminarlarında mütəmadi olaraq pedaqogikanın, təhsilin müxtəlif problemləri barədə məruzələri dinlənilir. Bildirilib ki, İ.Cəbrayılov pedaqogika nəzəriyyəsi və tarixi, tarixin tədrisi metodikası və Azərbaycan tarixinin müxtəlif problemləri ilə bağlı tadqiqatlar aparır. Diqqətə çatdırılıb ki, professor təhsil problemləri ilə bağlı  xarici ölkələrdə konfrans və seminarlarda iştirak edir. 

 

Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi və tarixi şöbəsinin müdiri pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov "Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi" adlı çıxışında  müasir dövrdə elmi tədqiqatlara verilən tələbləri, elmi tədqiqatların aparılması texnologiyalarını, problem baxımından mövcud təcrübənin öyrənilməsini, müvafiq metodikanın hazırlanması və tətbiqini, dissertasiyanın struktur və məzmun məsələlərini şərh edib. Məruzəçi tədqiqatların aparılma qaydalarını, tədqiqatçılıq bacarıqlarının formalaşdırılması sahəsində nəzəri və praktik bilikləri iştirakçıların diqqətinə çatdırıb. Həmçinin elmi tədqiqatların konseptual problemlərinin həlli istiqamətlərinə aydınlıq gətirib. Təqdimatdan sonra doktorant və gənc tədqiqatçıların sualları cavablandırılıb.

 

Tərlan İbrahimova,

“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

 

 



08.05.2023 | 12:25