Dünyaca məhşur "Campbell Biologiya" dərsliyi ADPU-da təqdim olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kimya və biologiya fakültəsinin təşəbbüsü ilə Türkiyənin Orta Doğu Texniki Universitetinin (OTDU) "Molekulyar biologiya və genetika" ixtisasının məzunu, Hollandiyanın Groningen Universiteti və Almaniyanın Rostok Universitetində elmi araşdırma aparmış molekulyar mikrobioloq, genetik, "Habitat Tərcümə Layihəsi"nin həmtəsisçisi Araz Zeyniyevlə görüş keçirilib.

 

ADPU-nun Tədris Departamentinin müdiri dosent Sənan Əliyev bildirib ki, elm sahələri üzrə innovativ təşəbbüslərin izlənilməsi, bu istiqamətdə mütəmadi tədbirlərin təşkili tələbələrin mütəxəssis kimi inkişafında mühüm rola malikdir və bu baxımdan ADPU-da ardıcıl işlər görülür.

 

Görüşdə çıxış edən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun prezidenti Sevda Haqverdiyeva qeyd edib ki, fondun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilin inkişafına dəstək məqsədi ilə icra olunan sosial layihələrdir.

 

Tədbir zamanı biologiya elmini öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell Biologiya” kitabı təqdim edilib. “Habitat Tərcümə Layihəsi” çərçivəsində tərcümə edilən və Fond tərəfindən nəşr olunan “Campbell Biologiya” kitabı universitetin kitabxanasına hədiyyə olunub.

 

Layihənin rəhbərlərindən və əsərin tərcüməçilərindən olan Araz Zeyniyev kitabın necə ərsəyə gəlməsi barədə məlumat verib, bu tip layihələrdə sosial dəstəyin önəmini, fundamental əsərlərin ana dilimizə çevrilməsinin vacibliyini vurğulayıb. A.Zeyniyev bildirib ki, ilk dəfə Şimali Koliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin və “Yurt Center”in maliyyə dəstəyi ilə nəşr olunan əsərin tam külliyyatının tərcüməsi prosesi davam etdirilir. 56 fəsildən ibarət olan kitab biologiyanın bütün sahələrini əhatə edən dünyaca məhşur unikal bir əsərdir. İndiyədək əsərin 25 fəsli Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib, eyni zamanda ödənişsiz formada elektron variantda ictimaiyyətin ixtiyarına verilib.

 

Sonda biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimləri kitab haqqında öz təəssüratlarını bölüşüblər.

 

 



08.05.2023 | 17:41