“Radiasiya texnologiyaları və onun tətbiqləri”

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Radiasiya texnologiyaları və onun tətbiqləri”  adlı Respublika elmi-texniki konfrans keçirilib.

        

Tədbiri giriş sözü ilə açan RPİ-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev konfrans iştirakçılarını salamlayıb və institutun yaranması tarixi, elmi fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətləri, kadr potensialı və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Çıxışında müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyaların fəaliyyətinə diqqət edən İ.Mustafayev dövlət qurumları və universitetlərlə əməkdaşlıqdan danışıb. Həmçinin innovativ layihələr, beynəlxalq müsabiqələr və festivallarda əldə olunmuş nailiyyətlər, beynəlxalq elmi reytinqlərdə institut alimlərinin uğurlarını diqqətə çatdırıb.

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Rasim Əliquliyev Ulu Öndər Heydər Əliyevin elmə göstərdiyi qayğı və diqqətdən, dahi şəxsiyyətin gərəkli fikir və ideyalarından, Azərbaycanda elmin inkişafındakı müstəsna xidmətlərindən söhbət açıb.

  

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli  Ümummilli Liderin qabaqcıl elm və təhsil strategiyası, onun elm adamlarına, ziyalılara daimi qayğı və diqqətinin ölkəmizdə elmin inkişafına təkan verdiyini bildirib.  N.Məmmədli qeyd edib ki, bu gün də Prezident İlham Əliyev tərəfindən bu diqqət və qayğı davam edir, müasir təhsil və elm proqramları, innovativ layihələr həyata keçirilir. O, həm də RPİ-nin fəaliyyətini, onun elmlərarası əməkdaşlığa verdiyi töhfələri, alimlərin nailiyyətlərini yüksək qiymətləndirib və konfransın işinə uğurlar arzulayıb.

 

Konfransda  çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru professor Nigar Aslanova  elm və təhsilin inteqrasiyası prosesində Radiasiya Problemləri İnstitutunun səmərəli fəaliyyətini və alimlərin nailiyyətlərini  xüsusi vurğulayıb.

 

Daha sonra konfransın plenar iclası keçirilib. İclasda Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev “Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə elm və təhsil sahələrinin inkişafı”, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri professor Sakit Hüseynov “Heydər Əliyev və Azərbaycanda din siyasəti” və RPİ-nin icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva “Heydər Əliyevin Azərbaycanda Radiasiya tədqiqatlarının inkişafı strategiyası” adlı məruzələrlə çıxış ediblər.

 

Şakir CƏFƏROV

 

 



10.05.2023 | 17:08