“Bu istedadlı balalar Azərbaycanın parlaq gələcəyini təmin edəcəklər”

“Bu gün sizə baxaraq on, on beş, iyirmi il sonrakı Azərbaycanı görürəm.  Bizim nə qədər gözəl gələcəyimiz var. Azərbaycanın necə parlaq gələcəyi var, bizi nə qədər gözəl günlər gözləyir! Çünki Azərbaycanın gələcəyini təşkil edən sizin kimi istedadlı balalarımız var. Bu istedadlı balalar Azərbaycanın parlaq gələcəyini təmin edəcəklər”.

 

Heydər ƏLİYEV

 

“Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir”. Necə də dahiyanə deyilən fikirdir. Bütün dünyada sülhün bərqərar olmasını insanlıq üçün  vacib  amil sayan   dahi Heydər Əliyev   dünyanın gələcəyini gözəlləşdirməyə yalnız  bugünkü  uşaqların  qadir ola biləcəyini  əminliklə ifadə edib. Deyib ki, dünyada aparılan bütün müharibələr olduqca ağır fəsadlar törədir və bu fəsadlardan ən çox əziyyət çəkən, ən çox məhrumiyyətlərə düçar olan da elə  günahsız fidan balalar olur. Bəli, bu fəlsəfə ilə Heydər Əliyev danışıqlar masası arxasında dəfələrlə  qarşı tərəfləri  məharətlə  susdurmağa nail olub. Eyni vətənpərvərlik prinsiplərini əsas tutaraq insanlığa olan hədsiz məhəbbət hissini  önə çəkən  siyasi varis, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev də danışıqlar masası arxasında  qarşı tərəfə  hər dəfə  bu vacib amili anlatmış, mənfur düşməni saysız insan qırğınına səbəb ola biləcək, günahsız uşaqları ata-anasız qoya biləcək müharibə iddiasından əl çəkməyə çağırmışdı.

 

Ulu Öndər Heydər Əliyevi doğma xalqına sevdirən bütün amillərlə bərabər onun uşaqlara daim  hədsiz məhəbbət hissi  aşılaması oldu. O, vəzifə başında sərt, ciddi  göründüyü  qədər də uşaqlar arasında o qədər mehriban, həlim xasiyyətli, gülərüz olurdu. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ulu Öndərin imzaladığı fərman və sərəncamlar sırasında  uşaq və yeniyetmələrin firavan böyümələrini, dövlət hesabına pulsuz təhsil almalarını, hətta xarici ölkələrdə belə dövlət hesabına müxtəlif ixtisaslara yiyələnmələrinə  zəmanət verən  məqamlar kifayət qədər idi. 

 

Mayın 10-da Azərbaycan xalqı öz böyük oğlunun, dünyaşöhrətli  şəxsiyyətin, beynəlxalq aləmdə  xilaskarlıq missiyası ilə  tanınan dövlət xadimi Heydər Əliyevin anadan olmasının  100 illiyini  ürəkaçıqlığı ilə qeyd edir. Həmişə xalqının taleyinə yanan, dövlətinin gündən-günə möhkəmlənməsi, çiçəklənməsi yolunda əzmlə çalışan, fədakarlıq nümayiş etdirən bu müdrik və dahi insanın təvəllüd gününü balalarımız da böyük coşqu hissi ilə  qarşılayırlar. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ulu Öndər daim uşaqlara böyük sevgi ilə yanaşırdı. Onlarla keçirilən ənənəvi  görüşlərdə, bayram şənliklərində uşaqlar bir növ  dövlətimizin rəhbərinə öz işləri, təhsilləri, uğurları barədə hesabat verir, vətənə, xalqa, görkəmli şəxsiyyətə sonsuz məhəbbətlərini, sevgilərini  söylədikləri şeirlərlə  ifadə edirdilər. Bu duyğuların təzahürü olaraq  Ümummilli Lider  Heydər Əliyev uşaqlarla  görüşlərində  öyüd və nəsihətlərini, eləcə də arzu və istəklərini  onlara  belə söyləyirdi: “Mən çox məmnunam ki,  sizinlə  bir yerdəyəm, sizin aranızdayam, mən  bu salonda sizinlə birlikdə, şənlikdə iştirak edərkən təsəvvür edirəm ki, bütün Azərbaycan uşaqları, bütün Azərbaycan gəncləri bizim ətrafımızdadır. Mən sizi, bütün uşaqları, gəncləri qucaqlayıram, bağrıma basıram, öpürəm. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, bizim xalqımız, Azərbaycan xalqı, millətimiz, yəni hər bir Azərbaycan övladı bütün xarici və daxili  aləmi ilə çox gozəldir”.

 

Ulu Öndər Heydər Əliyev  uşaqlara, gənclərə  həmişə bu fikri  təkrar-təkrar xatırladırdı: “Siz müstəqil Azərbaycanın övladlarısınız. Siz müstəqil Azərbaycan vətənində doğulmusunuz, dünyaya gəlmisiniz və indi ilk addımlarınızı atırsınız. Bu, böyük bir xoşbəxtlikdir. Çünki siz bu dövlətin müstəqilliyi şəraitində dünyaya gəlmiş övladlarımız, Azərbaycanın gələcək  vətəndaşlarısınız. Azərbaycanın gələcəyi, bu müstəqilliyin əsrlər boyu yaşaması sizin, gənclərin üzərinə düşür. Sizi görərək, sizin bu ağıl, zəka potensialınızı hiss edərək, sizdə xalqa, Vətənə məhəbbəti görərək, Azərbaycanın Prezidenti kimi  mən bu gün tam arxayınam. Biz Azərbaycanın sükanını sizin əllərinizə  verəcəyik. Siz Azərbaycanı irəliyə aparacaqsınız”. Bu müdrik sözlər  Ümummilli Liderin Azərbaycan uşaqlarına, ölkə gənclərinə bir növ nəsihəti və tövsiyəsi idi.

 

Heydər Əliyev  dədə-baba torpaqlarımızdan didərgin düşmüş, çadır şəhərciklərində yaşayan balalarımız haqqında uşaqlarla görüşlərdə həmişə iftixarla deyirdi: “Siz  gənclər, uşaqlar bilməlisiniz ki, bizim torpaqlarımızın bir qismi Ermənistanın işğalı altındadır. O torpaqlardan zorla çıxarılmış soydaşlarımız çadırlarda yaşayırlar. Həmin çadırlarda  8-10 il bundan öncə doğulmuş, indi isə sizin yaşınıza gəlib çatmış övladlarımız var. Onların yaşayışı ağırdır. Biz çalışırıq ki, onların yaşayışını yüngülləşdirək. Biz ilbəil buna nail oluruq. Amma tam nail olmaq  o vaxt mümkün olacaqdır ki, biz işğal altındakı torpaqlarımızı azad edək. Bunu mütləq edəcəyik. Və soydaşlarımız öz doğma yurd-yuvalarına  qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. Biz bu çətinlikləri aradan qaldıracaq və böyük problemləri olmayan Azərbaycan yaradıb, sizə təhvil verəcəyik. Siz isə gərək onu da məharətlə idarə edəsiniz, irəliyə aparasınız”.

 

Ümummilli Liderin bu müdrik, ruhlandırıcı sözləri hamımıza, ilk növbədə gələcək nəslə bir tövsiyə və bir tapşırıq idi. O,  həmişə deyirdi: “Əziz uşaqlar, vallah, mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmaq istəmirəm. Siz bilirsiniz ki, mənim də nəvələrim var. Ancaq mənim üçün fərqi yoxdur, mən nəvələrimi, öz uşaqlarımı, öz övladlarımı sevdiyim kimi, sizi  də sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm”.

 

1994-cü il sentyabrın 27-də Birləşmiş Millətlər Təşkilatında  YUNİSEF-in qəbul etdiyi sənədi imzalayanda Ulu Öndər Heydər Əliyev  ölkəmizdə  uşaqların hüquqlarının qorunmasının təminatçısı olduğunu dünyaya bir daha bəyan etmişdi. Elə həmin gündən hər il respublikamızda Uşaqların Beynəlxalq Televiziya və Radio Günü keçirilir. Azərbaycan uşaqları ənənə  halını almış  bu bayramı hər il səbirsizliklə gözləyir, ilboyu həmin şənliyə hazırlaşırlar.

 

Ulu Öndər Heydər Əliyevin  1999-cu ilin dekabr ayında Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə “Uşaqlar dünyanın sevincidir” devizi ilə keçirilən  şənlikdə tədbir iştirakçıları qarşısında söylədiyi son dərəcə əhəmiyyətli  müdrik kəlamlar  gəncliyə sonsuz  məhəbbət hissinin  ifadəsi idi: “Əziz uşaqlar, sevimli balalar! Sizin  hamınızı-Azərbaycanın uşaqlarını, gənclərini, qızlarını, oğlanlarını bu bayram münasibətilə təbrik edirəm, Sizə xoş həyat, sevinc, səadət və  gözəl gələcək arzulayıram. Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir... Mənim üçün  hər bir uşağın həyatı bizim ümumi  cəmiyyətin  həyatıdır. Ona görə də  mən bu gün sevinc hissi ilə sizin görüşünüzə gəlmişəm. Hər bir  insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır. Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir”.

 

Sifai SƏFƏROVA

 



10.05.2023 | 17:02