Bakıdakı 3 nömrəli orta məktəbdə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, millət vəkili, tanınmış ziyalılar, KİV-nümayəndələri, məktəbin veteran müəllimləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri də iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əməkdar müəllim Almaz Həsrət Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, yetişməkdə olan nəsil Ulu Öndərin mirasını dərindən öyrənməli, ondan dövlət və dövlətçilik təcrübəsini əxz etməlidir. Direktor onu da qeyd edib ki, əsasən də məktəb uşaqları gələcək həyat yolunda məhz Ulu Öndərin dövlətə və millətə sədaqətini, yorulmazlığını, prinsipiallığını örnək almalıdır.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin nümunəvi həyat və fəaliyyətindən söhbət açıb. Millət vəkili bildirib ki, Ulu Öndər Azərbaycan dövlətini ən təlatümlü bir mərhələdə böyük bəlalardan xilas edərək sabitlik yoluna çıxarıb. O, Heydər Əliyevin istər milli, istərsə də beynəlxalq miqyasda ən sayılıb-seçilən siyasi liderlərin önündə getdiyini deyib. Deputat, eyni zamanda özünün pedaqoji təcrübəsinə də əsaslanaraq, uşaqlara çağırış edərək deyib ki, Ulu Öndərin miras qoyduğu müstəqil dövləti daha da irəli aparmaq üçün yetişən nəsil öz üzərində daha çox çalışmalı, dərin elmi biliklərə yiyələnməlidir.

 

“Bayraqdar media”-nın baş redaktoru Əməkdar jurnalist Azər Həsrət çıxış edərək istər Sovetlər Birliyi dönəmində, istərsə də müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutduğuna diqqət çəkib. O, həmçinin Ümummilli Liderin təhsilə, təhsil işçilərinə daim diqqət və qayğı göstərdiyini də sözlərinə əlavə edib.

 

Tədbirdə çıxış edən “Xalq qəzeti”nin baş redaktoru Şöhrət ordenli, Əməkdar jurnalist Əflatun Amaşov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Tədbir iştirakçılarının maraqla dinlədiyi çıxışında o, Heydər Əliyevin istər birinci, istərsə də ikinci hakimiyyəti dönəmində Azərbaycanı məhz milli maraqlar çərçivəsində idarə etməsinə diqqət çəkib.

 

Tədbirdə digər çıxış edənlər Azərbaycan Mətbuat Şurası icraçı katibinin müavini Fəridə Ağazadə, Ombudsman aparatının təmsilçisi Aytən Tanrıverdiyeva və başqaları Heydər Əliyevlə bağlı fikirlərini bölüşüblər.

 

Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər səsləndirilib. Məktəbin bədii özfəaliyyət kollektivlərinin tarixi şəxsiyyətlərlə bağlı hazırladıqları kiçik səhnələr, ifa edilən milli musiqilər iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Sonda məktəbin Həmkarlar Komitəsinin sədri Vətən Hüseynov yubiley yaşı tamam olmuş müəllimlərə diplomlar təqdim edib.

 

Niyazi RƏHİMOV

 

 



10.05.2023 | 16:37