LDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd olunub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) silsilə tədbirlər keçirilib.

 

LDU-nun rektoru professor Natiq İbrahimov başda olmaqla, universitetin professor-müəllim-tələbə heyəti Ulu Öndərin Lənkəran şəhərinin mərkəzindəki  abidə kompleksini ziyarət edərək önünə təzə-tər çiçəklər düzüblər. Sonra tələbə və müəllimlər ümumrayon tədbirlərinə qatılaraq, Ulu Öndərə olan sevgi və ehtiramlarını bildiriblər.

 

Lənkəran Dövlət Universitetinin Böyük akt zalında keçirilən yubiley tədbirində tələbələrin ifasında hazırlanmış teatrlaşdırılmış tamaşa, bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tamaşa boyu Ulu Öndərin Azərbaycan xalqının, dövlətinin tərəqqisi yolunda gördüyü işlər videoroliklər vasitəsilə əyani nümayiş etdirilib, Ümummilli Liderin çıxışları səsləndirilib. Ulu Öndərin 100 illik yubileyinə  həsr olunmuş  "1923-dən  sonsuzluğa" adlı teatrlaşdırılmış tamaşa Heydər Əliyevin ifasında şair Səməd Vurğunun məşhur “Azərbaycan “ şeirinin səslənməsi ilə yekunlaşıb.

 

Lənkəran Dövlət Universitetində, həmçinin yaradıcı tələbələrin Ulu Öndərin 100 illik yubileyinə həsr etdiyi rəngkarlıq əsərlərindən ibarət rəsm sərgisinə də baxış olub. Sərgidə böyük siyasi xadimin həyatının maraqlı anlarını əks etdirən, vətənpərvərlik mövzusunda olan əsərlər nümayiş etdirilib.

 

 



10.05.2023 | 19:48