Çexiyanın Karlova Universitetinin professorları zooloji tədqiqatlara dair müzakirələr aparıblar

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində Çexiyanın Karlova Universitetinin Zoologiya departamentinin Onurğasızlar zoologiyası bölümünün professoru Vera Opatova tərəfindən “Zooloji tədqiqatlarda müasir metodlar” mövzusunda elmi seminar keçirilib.

 

Seminarda Çexiyanın Azərbaycandakı səfirinin birinci müavini Martin Luboyatski, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, biologiya fakültəsinin dekanı Afət Məmmədova, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.


Martin Luboyatski, Şahin Pənahov və Afət Məmmədova Çexiyanın Karlova Universiteti ilə əməkdaşlığın davam etdirilməsinin gənclərə yeni imkanlar qazandırdığını diqqətə çatdırıblar.  


Daha sonra Vera Opatova qrupu ilə birgə apardığı elmi tədqiqatların istiqamətləri,  müxtəlif areallarda yayılan hörümçək növləri, onların genetik, molekulyar cəhətdən öyrənilməsi məsələləri haqqında məlumat verib. O, Aralıq dənizi ətrafında hörümçəklərin molekulyar və genetik analizlərini apararaq, onların növ tərkibini dəqiqləşdirdiyini, xarici görünüşü eyni olan hörümçəklərin ekoloji cəhətdən fərqlənməsini və təcrid olunma səbəblərini izah edib.
 

Karlova Universitetinin Zoologiya bölümünün professoru Miroslav Svatora təmsil etdiyi ali məktəblə BDU-nun biologiya fakültəsi arasında 50 ilə yaxın əməkdaşlığın olduğunu bildirib. Belə ki, BDU ilə Karlova Universiteti  “ERAMUS+” proqramı çərçivəsində ikitərəfli sazişi möhkəmləndirib və memorandum imzalayıb.

 

M.Svatora Azərbaycanda apardıqları elmi-tədqiqat  işləri və nəticələri haqqında da  məlumat verib.

 

 



12.05.2023 | 16:11