Təhsil Tələbə Krediti Fondu nümayəndələrinin tələbələrlə görüşü keçirilib

Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondu (TTKF) nümayəndələrinin tələbələrlə görüşü keçirilib.

 

Universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb, tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən müddət ərzində ümumilikdə 364 tələbə kreditlə bağlı müraciət edib. Bunun 101 nəfəri sosial, 181 nəfəri isə standart olmaqla, 282 tələbənin krediti rəsmiləşdirilib, 9 tələbənin kreditinin rəsmiləşdirilməsi üçün müraciət edilib.

 

TTKF-in İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. 

 

Vurğulanıb ki, kreditin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tətbiq olunan güzəştlər müəyyən edilib. 

 

B.Əzimov əlavə edib ki, krediti almaq üçün tələbə girov, zamin, borcalan və s. heç bir öhdəliklə yüklənmir. 

 

Diqqətə çatdırılıb ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.

 

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 



12.05.2023 | 17:06