AzMİU-nun müəllimi Türkiyənin Ege Universitetində olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetində ezamiyyətdə olub.

 

Səfər çərçivəsində Ş.Rəfili Ege Universitetinin prorektoru Mehmet Ersan, Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan, professor Candaş Adıgüzel Zengin, koordinator Sermin Dişkaya və s. əməkdaşlarla görüşlər keçirib,  faydalı müzakirələr aparıb. Gələcəkdə hər iki universitet  üçün maraq kəsb edən elm-tədris layihələri və onların reallaşdırılması istiqamətində görüləcək işlərdən danışılıb.

 

AzMİU-nun müəllimi Ege Universitetinin inşaat fakültəsinin müəllimləri və magistr tələbələri üçün mühazirə də oxuyub. Təqdimatla keçirilən mühazirələrdə həyat fəaliyyətinin təhlükəsizliyi, inşaat sahəsində işçilərin təhlükəsizliyi, yeni normalar və Azərbaycanda qazanılan təcrübə, eləcə də AzMİU-da bu istiqamətdə aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib.

 

Sonda mübadilə proqramına qatıldığı üçün Şahmar Rəfiliyə "Orhun" mübadilə proqramının diplomu təqdim edilib.

 



15.05.2023 | 18:03