“Heydər Əliyev və təhsil” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən “Heydər Əliyev və təhsil” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Rəssamlıq Akademiyasının prorektoru Xalq rəssamı Səlhab Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, məktəblinin dostları, məktəb rəhbərləri, valideynlər və şagirdlər iştirak ediblər.

 

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev məktəblilər arasında Heydər Əliyev irsini öyrənmək və onu təbliğ etmək, dahi şəxsiyyətin təhsil sahəsində gördüyü işlərlə yaxından tanış olmaq baxımından müsabiqənin əhəmiyyətini qeyd edib. Müşavir bildirib ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində mütəmadi olaraq şagirdlər arasında intellektual və idman yarışları, yaradıcılıq müsabiqələri təşkil olunur, müxtəlif mövzularda maarifləndirici təlimlər keçirilir və bu da istedadlı uşaqların aşkara çıxarılmasına imkan yaradır. R.Ağayev müsabiqə qaliblərini, onların müəllim və valideynlərini təbrik edib, şagirdlərə uğurlar arzulayıb.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb, Ümummilli Liderin hakimiyyətə gəlişinin ilk illərindən başlayaraq, məktəb şəbəkələrinin  genişləndirilməsi, müəllim nüfuzunun artırılması, xaricdə təhsil ənənəsinin yaradılması və təhsilin digər istiqamətlərində gördüyü böyük əhəmiyyətli işlərdən bəhs edib.

 

Rəssamlıq Akademiyasının prorektoru Xalq rəssamı Səlhab Məmmədov məktəblilər arasında təsviri incəsənət üzrə istedadlı uşaq və gəncləri aşkar etmək baxımından belə müsabiqələrin keçirilməsinin vacibliyini vurğulayıb. Xalq rəssamı Ulu Öndərlə bağlı xatirələrini bölüşüb və Heydər Əliyevin rəssamlara, incəsənət adamlarına xüsusi qayğısından danışıb. S.Məmmədov müsabiqəyə qatılan bütün şagirdlərin rəsm əsərlərini yüksək qiymətləndirib və qaliblərin seçiminin çətin olduğunu, hər bir iştirakçının onun üçün qalib olduğunu vurğulayıb, şagirdlərə müsabiqədə fəal iştiraklarına görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, “Heydər Əliyev və təhsil” adlı rəsm müsabiqəsi “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin 5-11-ci sinif şagirdlərini əhatə edib. Müsabiqəyə ümumilikdə 102 şagird qatılıb. Onlardan 14-ü qalib olub.

 

Müsabiqənin nəticələrinə əsasən, 3 nəfər I, 3 nəfər II, 3 nəfər III yer, 5 nəfər  həvəsləndirici yerin qalibinə diplom və hədiyyələr təqdim edilib.   

 



17.05.2023 | 17:48