“Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimidir. Müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük məktəbdir. Görkəmli ictimai- siyasi xadim Heydər Əliyevin irsi elə tükənməz xəzinədir ki,  bu irs daxilində ilk öncə ana dili, dil və dövlət, dil və mədəniyyət, dil və millət, dil quruculuğu kimi sosiolinqvistik məsələlər xüsusi yer tutur. Bu cəhətdən filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyasında  Azərbaycan dilçiliyində  aktual olan dövlətçilik və dil siyasəti problemləri sosiolinqvistik istiqamətdə təhlil olunmuşdur.

 

Müəlliflər tərəfindən əsərdə Heydər Əliyevin apardığı dil siyasəti,  dövlətçilik və dil quruculuğu prosesi,  Azərbaycan dilinin inkişaf konsepsiyası yeni müstəvidə ətraflı şərh edilmişdir. Əsərin giriş hissəsində Heydər Əliyevin ana dilinin inkişafına dair konseptual xüsusiyyət kəsb edən zəruri aspektləri təyin etməsi və örnəkləri bir sistem halına salması məharəti, müxtəlif ziddiyyətli məqamlarda dillə bağlı meydana çıxan problemlərin operativ həllinə öz güclü təsirini göstərməsi,  milli demokratik dövlət quruculuğu prosesində aparılan dil siyasəti etnik-mədəni mövcudluğumuzun kontekstində əsaslandırılaraq araşdırılır. Qeyd edilir ki, Heydər Əliyevin dil doktrinasında dil amili xalqın varlığı üçün bütün amillərdən uca tutulmuş və Azərbaycan dilinin dövlət dili kimi inkişafı və yüksəlişi uğrunda davamlı olaraq  mübarizə aparılmışdır. Dövlətçiliyin inkişafı və onun atributlarının formalaşması, eləcə də zəngin mənəvi-mədəni həyatı ilə bağlı  görülən işlər faktlarla xarakterizə edilmişdir.

 

Ümummilli Liderimiz Heydər Əliyevin vahid ümumi məqsədə yönələn Azərbaycan dilinin inkişaf konsepsiyasının istiqamətlərinə həsr olunan əsər  üç fəsildən  və əlavə hissədən ibarətdir. Bu fəsillərdə dövlətçilik və dil siyasəti, dövlət dil konsepsiyası, dil quruculuğunun istiqamətləri, Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixi və müstəqillik illərində dil quruculuğu prosesi ardıcıllıqla tədqiq olunmuşdur.  Fəsillərdə qoyulan məsələlər ardıcıllığı və tarixilik prinsipi ilə bir-birini tamamlayır. Müəlliflər  tərəfindən birinci fəsildə Azərbaycan  dövlətçiliyində Heydər Əliyev və dil quruculuğu prosesi,  dövlətçilik və dil quruculuğu siyasəti və dövlət dilinin inkişaf konsepsiyası sistemli şəkildə araşdırılmışdır. Əsərdə Heydər Əliyevin Azərbaycan dilinin inkişaf konsepsiyası ilə bağlı apardığı dil siyasəti iki  mərhələyə ayrılmış,  hər iki mərhələdə milli dilə münasibət və onun  tətbiq sahələri xarakterizə edilmişdir.Müəyyənləşdirilir ki,  60-cı illərin sonu, 70-ci illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan elminin, mədəniyyətinin yüksəlişi üçün müxtəlif istiqamətdə aparılan işlər ana dilinin inkişafına, milli dil kimi formalaşmasına təkan vermişdir. Azərbaycan  dilinin qədimliyi, mürəkkəb fikirlərin ifadəsinə qadir bir dil olması əsas götürülərək tarixilik və müasirlik prinsipi əlaqələndirilmişdir. Ümummilli Liderin zəngin təcrübəsi, fitri təşkilatçılığı ilə respublikanın milli-ictimai marağını, etnik-genetik tərkibini nəzərə alıb Azərbaycan dilini müstəqil dövlət dili kimi inkişaf etdirməsi xarakterizə edilərək yazılır ki, dilin qüdrətini duyan, onu millətin varlığı hesab edən Heydər Əliyev  bu tarixi həqiqəti əsas götürərək  dil quruculuğu məsələsinə dövlət quruculuğunun tərkib hissəsi kimi baxmışdır. Dövlət quruculuğunun tərkib hissəsi hesab edilən Azərbaycan dili  Azərbaycan xalqının milli sərvəti kimi qorunmuşdur. Azərbaycan dövlətçiliyində Heydər Əliyevin dil quruculuğu prosesi müxtəlif istiqamətlədə araşdırılaraq ümumiləşdirmələr aparılmışdır. Qeyd edilir ki, dilin dövlət dili olması üçün onun elmi nəzəri əsasları müəyyənləşdirilməlidir. Bunun üçün birinci növbədə Azərbaycan dilinin milli köklərə əsaslanan dövlətçilik ənənəsi və zəngin leksik bazası əsas şərtlərdən hesab edilərək aparılan dil siyasəti onun inkişafına yönəlmişdir. Dövlətin yeritdiyi dil siyasəti isə dövlət dilinin inkişafını tənzimləyir. Ümumiləşdirmələr əsasında dövlət və dil,  dövlət  və dil quruculuğu prosesində Azərbaycan dilinin inkişaf istiqamətləri və aparılan dil siyasətində Heydər Əliyevin konsepsiyasının özünəməxsusluğu əsaslandırılır. Heydər Əliyevin dil konsepsiyasında  dövlət dili anlayışı  geniş məna ifadə edir. Bu anlayışda dilin bütün istiqamətlərdə inkişafı ifadə edilir. Əsərdə aparılan təhlillər göstərir ki,  bu anlayışın məntiqi dərki Heydər Əliyevin dil siyasətində genişliyi ilə öz ifadəsini tapmışdır. Kimlik vəsiqəmiz olan Azərbaycan dilinin qədimliyi, zənginliyi və bu dildə danışan xalqın böyük potensialı onu həmişə yaşatmışdır. Bu potensialı nəzərə alan Ulu Öndər Heydər Əliyev milli dilə milli-mənəvi, mədəni sərvət kimi yanaşaraq onun siyasi nüfuzunu gücləndirmişdir. Əsərdə aparılan təhlillərdən aydın olur ki, bu siyasət Azərbaycan dilinin dövlətçilikdə, inzibati-idarə sistemində, elmdə, mədəniyyətdə, maarifdə inkişafını təmin etməklə  dilin funksionallaşmasına səbəb olmuşdur.  Milli dilin zənginlikləri, milli varlıq və birliyin yaradılmasında əsas vasitə olması nəzərə alınaraq  dövlət səviyyəsində inkişafının təmin olunması siyasəti aparılmışdır. 

 

Əsərin “Heydər Əliyevin dil siyasətində tarixilik prinsipi” adlanan ikinci fəslində mühüm bir məsələ qoyulur. Tarixilik prinsipi Azərbaycan dilinin inkişaf konsepsiyasının hazırlanmasında əsas baza kimi götürülməlidir. Buna görə də siyasi lider tərəfindən “hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsü dildir” konsepsiyası davamlı olaraq həyata keçirilmişdir.  Hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu  böyük çətinliklər bahasına başa gəlsə də siyasi lider tərəfindən inkişaf etdirilmişdir. Heydər Əliyev Azərbaycan elmi-mədəni mühitində dövlət dilinin inkişafında  dövlət qayğısını, hüquqi qaydaların, dilin funksional imkanlarının genişlənməsində isə ədəbiyyat və incəsənətin rolunu yüksək dəyərləndirmişdir. Əsərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin Azərbaycan dilində yazdığı əsərlərin yüksək qiymətləndirilməsi, ölkədə rəsmi tədbirlərin Azərbaycan dilində aparılması, dilin işləkliyini sürətləndirməsi məsələsi əsas konsept kimi götürülmüşdür.

 

XX əsrin 20-60-cı  və 60-80-ci illərində milli dil siyasətinin nəzəri əsasları müəyyənləşdirilir və əsaslandırılır ki,  Heydər Əliyevin 70-ci illərdən apardığı dil siyasəti müstəqillik illərində aparılan dil siyasətinin təməlini qoymuşdur.Xüsusilə, 1992-ci ildə Azərbaycanda dövlət dilinin “türk dili” olması barədə qərar, eləcə də dərsliklərin “türk dili” adı ilə nəşri kökündən yanlış bir konsepsiya kimi tənqid edilmişdir. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilimizin adı barədə öz qəti fikrini  bildirmişdir. Müəlliflər tərəfindən bu məsələlər geniş şəkildə şərh edilmiş və Ulu Öndərin tarixi köklərimiz, tarixi keçmişimizlə bağlı fikirləri xarakterizə edilmiş, Heydər Əliyevin dövlət dilinin Azərbaycan dili olmasının real gerçəklikləri sübut olunmuşdur. Ümummilli Liderin “doğrudan da  dünya bizi azərbaycanlı kimi tanıyır. Dünyanın qəbul etdiyi xəritədə dilimizin adı Azərbaycan dilidir. Dünyanın qəbul etdiyi  dil xəritəsini dəyişmək dünyanın özünü çaşdırmaqdan başqa bir şey deyildir”- fikirləri Azərbaycan dilini dövlət dili səviyyəsinə çatdırmışdır. Heydər Əliyevin tarixi faktlarla dövlət dilinin adı ilə bağlı mülahizələrə son qoyması, azərbaycançılıq konsepsiyası ilə sıx bağlı olan  dil siyasətinin həyata keçirilməsi dövlət dilinin inkişafına təminat vermişdir. Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Dilin qorunması və inkişafı ilə bağlı apardığı mübarizədə onun  milli siyasi iradəsi hər kəsə örnək oldu. Bu akt Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, habelə 1993-cü ildə əsasını qoyduğu milli dövlətçilik siyasətinin məntiqi davamı və qanunauyğun nəticəsi idi. Bu istiqamətdə apardığı dil siyasətinin başlıca məqsədi ana dilinin əhatə dairəsini, onun funksional-üslubi imkanlarını genişləndirməkdir.

 

Monoqrafiyada Azərbaycan dilinin inkişaf konsepsiyasının hazırlanmasında  Heydər Əliyev tərəfindən verilən qərarlar, eləcə də fərmanların mahiyyəti və onun metodologiyası müəyyənləşdirilir. Müstəqillik illərində Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu, dövlət dilinin təkmilləşdirilməsi,  dil haqqında qanunun qəbul olunmasında bu  cəhətlərin nəzərə alınması özündə həm də dərin siyasi-ideoloji, mənəvi-psixoloji çalarları ehtiva edir. Bu qanunların qəbulu ilə zaman-zaman xalqımızın taleyində baş vermiş tarixi ədalətsizliklər aradan qaldırıldı, respublikamızda latın qrafikalı əlifbaya keçid reallaşdı. Dövlət dili haqqında qanunun qəbulu Azərbaycan dilinin ictimai-siyasi sahələrdə işlənməsinin hüquqi statusuna təminat yaratdı. Əsərdə bu dövrdə verilmiş fərmanlar, sərəncamlar əsasında Azərbaycan dilinin inkişaf yolu təhlil olunmuş, Ümummilli Liderin Azərbaycan  dilinin  dövlət dili kimi inkişafı ilə bağlı 1969-2000-ci  illərdə apardığı dil siyasəti  rəsmi sənədlər əsasında xarakterizə edilmişdir. Azərbaycan dilinin dövlət dili statusunun hüquqi cəhətdən tənzimlənməsi və dövlətçilikdə dil  problemlərinin həlli istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq  Ulu Öndər imza atmışdır. Heydər Əliyev epoxası kimi tarixə daxil olmuş bu dövrdə Azərbaycan dilinin beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması Ulu Öndərin düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur. Araşdırmadan aydın olur ki, Heydər Əliyevin ana dilimizin inkişafına dair konseptual xüsusiyyət kəsb edən zəruri aspektləri bir sistem halına salması milli demokratik dövlət quruculuğu prosesində, milli dil təfəkkürümüzün yüksəlməsində  mühüm rol oynamışdır. Bununla da, əsər istər milli-mədəni varlığımızın keçmişi və bu günümüzün dərki üçün, istərsə də ana dilimizlə bağlı Heydər Əliyevin   apardığı konsepsiya  ciddi problemlərin həlli istiqamətində mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev tərəfindən dil siyasətində Heydər Əliyevin təməlini qoyduğu strateji xətt şərh edilərək yazılır: “Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə  ana dilinin dövlət dili statusu qorunmuş və onun inkişafı yüksək səviyyədə təmin edilmişdir. Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti  bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi inkişafı ilə bağlı apardığı siyasət, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və dünya dilləri arasında mötəbər mövqe qazanmasına imkanlar yaradır”.

 

Bununla da  Azərbaycan dilinin inkişafı ilə bağlı  aparılan konsepsiyanın birmənalı şəkildə ana dilinin dövlət dili kimi tətbiqi, sabit qayda-qanunlar və əsaslı təməllər üzərində təkmilləşməsi əsaslandırılmışdır. Əsərdə Heydər Əliyevin dövlət dili siyasətinin əsas prinsipləri ilə bağlı irəli sürülən və zəngin faktlarla əsaslandırılan  dövlətçilik və dil haqqında müddəalar azərbaycançılıq  ideologiyasının son illərdəki nailiyyətlərinin parlaq təzahürüdür. Professor Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” əsəri milli varlığımız olan Azərbaycan dilinin möhkəm təməllər üzərində inkişaf etdiyinin və daha möhtəşəm gələcəyə çağırışın ifadəsidir.

 

Könül SƏMƏDOVA,

ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

 



19.05.2023 | 12:39