BMU-da spartakiadanın qalibləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş idman yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

Universitet Həmkarlar İttifaqı Komitəsinin (BMU HİK) və İdman klubunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə yarışın məqsədi və ümumi nəticələri haqda məlumat verilib.

 

BMU HİK-in sədri Həzi Qasımov ali təhsil müəssisəsinin əməkdaşları arasında sağlam həyat tərzinin təbliği, idmana marağın gücləndirilməsi, həmçinin işçilərin asudə vaxtlarının səmərəli təşkilinə yönələn yarışmada, ümumilikdə 150-dən çox əməkdaşın iştirak etdiyini bildirib.

 

BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müxtəlif idman növləri üzrə (şahmat, masaüstü tenis, voleybol, futbol) spartakiadanın əhəmiyyəti haqda fikirlərini bölüşüb. Respublikamızda bədən tərbiyəsi və idmana dövlət qayğısının təməlinin məhz Ulu Öndər tərəfindən qoyulduğunu vurğulayan prorektor bu gün ölkədə idman sahəsində həyata keçirilən uğurlu inkişaf strategiyasının öz müsbət nəticələrini göstərdiyini  diqqətə çatdırıb.

 

BMU-da da əməkdaşların sağlamlığının qorunmasına, idman sahəsinə marağın artırılmasına istiqamətlənən yarışları yüksək dəyərləndirən B.Hüseynzadə əlavə edib ki, qaliblərin kimliyindən asılı olmayaraq bu kimi kütləvi tədbirlər universitet əməkdaşları arasında həmrəyliyin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. 

 

Çıxışlardan sonra spartakiadanın qaliblərinə medal, sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.

 



20.05.2023 | 11:28