III və II ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib

Həftəsonları Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III və II ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

 

III ixtisas qrupu üzrə imtahanda 22146 abituriyentin iştirakı nəzərdə tutulurdu və imtahan 17 şəhər və rayonda təşkil edildi.  

 

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

 

DİM-dən bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.

 

İmtahanda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 

II ixtisas qrupu üzrə imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçirilib. İmtahanda 28344 abituriyentin iştirakı nəzərdə tutulurdu.

 

Abituriyentlərdən 25749 nəfər Azərbaycan, 2595 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 15564 nəfəri oğlan, 12780 nəfəri isə qızdır. 24356 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3441 nəfər əvvəlki illərin məzunudur. 13 nəfər ali təhsil müəssisələrinin, 534 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 127 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1970-ci ildən, ən gənci isə 2008-ci ildəndir.

 

İmtahanda 30 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib.

 

Mayın 21-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılıb.

 

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 



22.05.2023 | 09:56