ADPU-nun inkişaf dinamikası

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. Əvvəlcə universtetin foyesində əməkdaşların 2022-ci il ərzində nəşr olunan elmi-tədqiqat əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Açılış nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov “Heydər Əliyev İli” çərçivəsində ADPU-da təşkil olunan “Heydər Əliyev dərsləri” və digər tədbirlər haqqında məlumat verib, o cümlədən şuranın ötən iclasından keçən dövr ərzində həyata keçirilən beynəlxalq səfərlər, konfrans və seminarların təşkilini yüksək qiymətləndirib. Rektor çıxışında elmi tədqiqat işlərinin keyfiyyətini artırmaqla yanaşı, dünya və region elmi və dövri təhsil mətbuatının daimi monitorinqi və təhlillərinin aparılması, süni intellektin sürətli inkişafı fonunda müəllim hazırlığında yanaşmaların inkişafı, qabaqlayıcı tədbirlər görülməsi ilə bağlı situasiyanın qiymətləndirilməsi və davamlı tədqiqatların aparılmasının vacibliyini diqqətə çatdırıb.

 

Sonra elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov "ADPU-nun 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında" hesabatı təqdim edib. Hesabatda qeyd olunub ki, 2022-ci ildə 747 əməkdaş elmi-tədqiqat işlərinə cəlb edilib, 89 problem, 469 mövzu  üzrə tədqiqat aparılıb, bunlardan 32 iş tədris prosesində tətbiq olunub.

 

Hesabata əsasən, ADPU-da ötən il aparılmış elmi-tədqiqat işlərinin nəticələri əsasında 1518 elmi əsər, o cümlədən, monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, proqram, beynəlxalq və respublika konfranslarında yüzlərlə elmi məqalə və tezislər çap olunub. Ötən il universitetdə 6 beynəlxalq, 6 respublika  elmi konfransı keçirilib. Vurğulanıb ki, universitetdə patent və lisenziya fəaliyyəti təşkil edilib. ADPU əməkdaşları tərəfindən 5 patent sənədi alınıb.

 

Hesabatda 2022-ci ildə ADPU-nun 36 ali təhsil müəssisəsi ilə 43 müqavilə imzaladığı və nəticədə 2021-ci ilə nisbətən elmi-tədqiqat sahəsində əməkdaşlıq edilən ali təhsil müəssisələrinin sayının 2 dəfə artdığı əks olunur. Digər vacib məqam ondan ibarətdir ki, hesabat dövründə 2022-ci il üzrə Yol Xəritəsinin  icrası çərçivəsində elmi potensialın inkişafı üzrə işlərin həyata keçirilməsi məqsədilə universitetdə çalışan professor-müəllim heyətinin elmmetrik bazalarda şəxsi profillərini yaratmaq məqsədilə maarifləndirmə aparılaraq, akademik heyətin    “Google Scholar” və “Academia” bazalarında şəxsi profillərin yaradılması, elmi məqalə müəlliflərinin identifikasiyası üçün beynəlxalq sistemdə, əməkdaşların daha öncə çap edilmiş, lakin internetdə olmayan məqalələrinin mövcud açıq akademik sistemlərdə yerləşdirilməsi üzrə işlər həyata keçirilib.

 

Qeyd edək ki, ADPU-nun 62 nəfər professor-müəllim  heyətinin “Google Scholar”  bazasında elmi məqalələrinə istinadetmə sayı (illər üzrə) cəmi 3045-dir. Onlardan 17 nəfəri H indeksi 5-dən yuxarı olan professor-müəllimlərdir. 23 nəfərin məqaləsinə istinadetmə  isə İ10 indeksinə bərabərdir. (İ10 indeksi müəllifin ən azı 10 istinad almış məqalələrinin sayına bərabərdir). Əməkdaşlar tərəfindən son 5 ildə impakt-faktorlu jurnallarda 140 məqalə nəşr olunub. Universitetin beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvü olan mütəxəssislərinin sayında da dinamika müşahidə edilir.

 

ADPU-da 2022/2023-cü tədris ilinin yaz semеstrinin imtahan sessiyasına hazırlıq haqqında məruzə edən Tədris Departamentinin müdiri dosent Sənan Əliyev diqqətə çatdırıb ki, Pedaqoji Universitetdə qrafikə uyğun olaraq 01 iyun – 05 iyul 2023-cü il tarixlərində, Bakı şəhəri üzrə ümumilikdə təqribən 8255 tələbə və magistrantın imtahanlarda iştirakı nəzərdə tutulur.

 

Gündəlikdəki digər məsələlərlə bağlı da müzakirələr aparılıb, sual, təklif və əlavələr dinlənilib.

 

 



22.05.2023 | 10:43