Elmi-tədqiqat üzrə birgə fəaliyyətin təşkili universitetlərimizə nə verəcək?

Məlum olduğu kimi, aprelin sonlarında Azərbaycanda ilk mərhələdə Bakı Dövlət Universiteti (BDU) və 5 elmi-tədqiqat müəssisəsi arasında Elmi-tədqiqat üzrə birgə fəaliyyətin təşkili ilə bağlı Anlaşma Memorandumu imzalanıb.  Universitetlərimizin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi memorandumun məqsədləri sırasındadır. Memorandum universitetlərimizə, ali təhsil sisteminə, eləcə də elmi-tədqiqat institutlarına nə kimi töhfələr verəcək?  Xüsusən də alimlərimizin beynəlxalq nüfuzlu elmi nəşrlərdə aktivliyi baxımından bunu necə qiymətləndirmək olar? Xaricdə elmi fəaliyyətlə məşğul olan alimlərimiz belə bir əməkdaşlıq memorandumunun imzalanmasının vacibliyi və əhəmiyyəti barədə nə düşünürlər?

 

Kanadanın nüfuzlu Vaterloo Universitetinin riyaziyyat üzrə professoru İlham Axundovun bu barədə fikirlərini oxucularımıza çatdırırıq:
 

- Anlaşma memorandumlarını vacib sayıram. Çünki belə sənədlər hər bir tərəfə öz məqsədlərini və bir-birindən nə gözlədiklərini aydın şəkildə ifadə etməyə imkan verir. Anlasma memorandumu hüquqi sənəd olmasa da,  əhəmiyyətli addım kimi qiymətləndirilir. Mən imzalanan memorandumun məzmunu ilə tanış deyiləm, amma bildiyim qədər bu memorandumun imzalanmasında məqsəd 5 elmi-tədqiqat institutu  və BDU arasında birgə fəaliyyətin təşkilidir. Elmi-tədqiqat institutlarının mövcud potensialından istifadə etməklə universitetlərdə birgə elmi seminarların keçirilməsi, birgə elmi araşdırmaların aparılması, birgə elmi nəşrlərin və gənc elmi kadrların daha yaxşı hazırlanmasına nail olmaq olar.  

 

Bununla belə, professor İ.Axundov  memorandumun 5 il müddətinə imzalanmasını təqdir etmir:

 

- Lakin memorandumun 5 il müddətinə  imzalanması, yəni, bu müddətdə mövcud problemlərin və onların həlli yollarının birgə müəyyənləşdirilməsi üçün bu qədər zaman məncə, böyük vaxt itkisidir. Yaxşı olardı ki, müxtəlif komissiyalarda bu problemlər müzakirə olunardı, əldə olunan həll yollarına uyğun şəkildə anlaşma memorandumları imzalanardı.  

 

“Memorandum BDU-nun beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsinə səbəb ola bilərmi”-sualına gəlincə, professor İ.Axundov bu perspektivə bir qədər pessimist yanaşdığını vurğulayıb:
 

- Ayrı-ayrılıqda beynəlxalq  reytinq  göstəriciləri uzun illər ərzində yüksək olmayan qurumların anlaşması ümumi reytinqi necə qaldıra bilər? Bu məqsədə çatmaq üçün anlaşma memorandumuna ən azı bir yüksək reytinqli üzv daxil etmək lazım idi.  Məsələn, deyək ki, BDU-nun fizika fakültəsi, AMEA-nın Fizika İnstitutu və Prinston Plazma Fizika Labarotoriyası arasında qabaqcıl füzyon enerjisi tədqiqatı üzrə bir anlaşma memorandumu imzalanır. Bu halda biz  5 ildən sonra problemləri yox, nəticələri görərdik...   

 

Oruc MUSTAFAYEV

 



23.05.2023 | 10:39