Radiasiya Problemləri İnstitutunda AzMİU-nun baza kafedrası yaradılacaq

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (RPİ) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Memorandumu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və RPİ-nin baş direktoru professor İslam Mustafayev imzalayıblar.

 

Bununla əlaqədar olaraq professor İ.Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti AzMİU-da olub.

 

Professor G.Məmmədova universitetin fakültələri, ixtisasları, elmi potensialı, xarici əlaqələri, professor-müəllim heyəti və tələbə kontingenti haqqında ətraflı məlumat verib. AzMİU-nun elm tutumlu müəssisələrlə, o cümlədən RPİ ilə əməkdaşlıqda maraqlı olduğunu deyən rektor qeyd edib ki, institutun Elm və Təhsil Nazirliyinin tabeliyinə keçməsi əlaqələrin daha da gücləndirilməsi üçün əlverişli şərait yaradıb.

 

Professor İ.Mustafayev AzMİU ilə RPİ-nin uzun illərdir davam edən uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkib, qeyd edib ki, baza kafedrası bu əlaqələri gücləndirəcək və fövqəladə hallar, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə ölkəmizin elmi tədqiqat əhatəsini genişləndirəcək.

 

Daha sonra nümayəndə heyətinin də iştirakı ilə əməkdaşlıq memorandumunda yer alan istiqamətlər üzrə müzakirələr aparılıb.

 

Memoranduma əsasən, RPİ nəzdində AzMİU-nun fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi baza kafedrası yaradılacaq. Elm və təhsilin istehsalata inteqrasiyasını gücləndirmək məqsədi ilə yaradılan baza kafedrası tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq, peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılmasında böyük rol oynayacaq.

 

Əməkdaşlıq çərçivəsində fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə yeniliklər, innovasiyaların tədris prosesinə tətbiqi, aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqat işlərinin aparılması da həyata keçiriləcək.

 



25.05.2023 | 10:42