QALİB ölkənin QALİB gəncləri

Xəbər verildiyi kimi,  8-13 may tarixlərində Türkiyənin Antalya şəhərində 40-cı Balkan Riyaziyyat Olimpiadası təşkil olunub. Həmçinin, Qazaxıstanın Astana şəhərində 57-ci Beynəlxalq Mendeleyev Olimpiadası (İMChO) keçirilib. Hər iki olimpiadada məktəblilərimiz uğurla çıxış edərək yüksək nəticə əldə ediblər. Qürur hissi ilə bildiririk ki, 40-cı Balkan Riyaziyyat Olimpiadasında 6 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 2 medal və 3 həvəsləndirici mükafat qazanıb. Belə ki,  FRİTL-in XI sinif şagirdi Cəlil Hüseynov gümüş, həmin liseyin XI sinif şagirdi Fidan Qarayeva bürünc medal əldə ediblər. FRİTL-in X sinif şagirdləri Səid Bəkirov, Ömər Qədimli və Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Telman Məmmədov isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər. 20-dən çox ölkənin qatıldığı 57-ci Beynəlxalq Mendeleyev Olimpiadasında isə Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Dəniz Səttarlı bürünc medal qazanıb. Bundan əlavə, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayülllü liseyin XI sinif şagirdi Həmid Xəlilova olimpiada təşkilatçıları tərəfindən xüsusi hədiyyə təqdim olunub. Medal qazanan hər bir məktəbli uğur hekayələrini, təəssüratlarını “Azərbaycan müəllimi”nə danışdılar.

 

 

“Olimpiadalar mənim yol xəritəmi müəyyənləşdirib”

 

 

Dəfələrlə olimpiadalarda iştirak edərək ölkəmizi layiqincə təmsil edən məktəblimizin biri də FRİTL-in XI sinif şagirdi Fidan Qarayevadır. Onun riyaziyyata olan sevgisi biliklərinin dərinləşməsinə vəsilə olub. 10 yaşından etibarən həm yerli, həm də beynəlxalq olimpiadalarda iştirak edən Fidan ilk beynəlxalq medalını 13 yaşı olanda Avropa Qızlar Riyaziyyat Olimpiadasında qazanıb. O deyir ki, riyaziyyata olan marağının daha da artmasında atasının rolu böyükdür: “Atam mənə uşaqlıqdan bu elmə maraq yaradıb, mütəmadi mənimlə məşğul olub. Bu istək məni olimpiadalarda iştirak etməyimə sövq etdi və bu istiqamətdə bir çox uğurlar əldə etdim. 2019-cu ilin aprel ayında Kiyevdə keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışam və ilk dəfə olaraq Azərbaycana bu olimpiadadan medal gətirmişik. Onda məsələlərin birini çox uzun yolla həll etmişdim, həlli 11 səhifə yer tutmuşdu, məsələyə 3 saata yaxın vaxt sərf etmişdim. Cəmi 13 yaşım olsa da, məsələ qarşısında təslim olmamışdım. Heç vaxt gördüyüm işi çətinliyinə görə yarımçıq qoymamışam, ruhdan düşməmişəm.  Şagirdlərə tövsiyəm odur ki, qarşılarına qoyduqları məqsəd üçün axıra qədər çalışsınlar, çətinliklərdən qorxub geri çəkilməsinlər. Əgər məqsəd olimpiadalarda uğur qazanmaqdırsa, buna görə bütün enerjilərini səfərbər etməlidirlər. Ümumiyyətlə, olimpiadalar mənim yol xəritəmi müəyyənləşdirib”.

 

O, 2022-ci ildə Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızıl, Dünya Riyaziyyat Olimpiadasında bürünc, 2022-ci ildə Avropa Qızlar İnformatika Olimpiadasında bürünc, Respublika Fənn Olimpiadasında riyaziyyat və informatika fənni üzrə qızıl medala layiq görülüb.  Cari ilin fevralın 1-12 tarixlərində Qazaxıstanın Almatı şəhərində onlayn formada təşkil olunan XIX Beynəlxalq Jautikov Olimpiadasında (İZhO) gümüş, 13-19 aprel tarixlərində Sloveniyanın Portoroz şəhərində keçirilən XII Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) qızıl medal qazanıb. Onu da qeyd edək ki, Fidan da Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alan şagirdimizdir.

 

“Hər olimpiada mənə özünəinamı aşıladı”

 

Elə uşaq ikən elmə, təhsilə, araşdırmağa meyilli olan Dəniz Səttarlı Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdidir. IX sinifdən etibarən olimpiadalarda iştirak edib, ilk dəfə Respublika Fənn Olimpiadalarında qızıl medal qazanıb. Bununla da o, olimpiadada iştirak çevrəsini genişləndirərək, həm yerli, həm də beynəlxalq olimpiadalara qatılıb: “RFO-dan qızıl medal aldıqdan sonra Elm və Təhsil Nazirliyinin təşkil etdiyi dərslərə dəvət olundum, seçmə fənlərdə iştirak etdim. Olimpiadalara qatıldıqdan sonra məktəb proqramında tətbiq olunan oxuma vərdişlərini bir qədər dəyişdirməyə və daha çox çalışmağa ehtiyac olur. X sinifdə oxuyanda Respublika Fənn Olimpiadaları ilə yanaşı, beynəlxalq olimpiadalara da hazırlaşmağa başladım və 4 nəfərlik komandanın üzvlərindən biri seçildim. Bundan sonra daha böyük bir məsuliyyəti üzərimə götürmüş oldum. Belə ki, dünyadakı ən güclü uşaqlarla yaxşı səviyyədə yarışa bilmək üçün günün çox hissəsini  olimpiada ilə məşğul oldum, bütün fikrimi ona fokusladım. Olimpiadalar mənə çox kömək oldu. Hər olimpiada mənim dünyagörüşümü artırdı, mənə məsuliyyəti və özünəinamı aşıladı”.

 

Dəniz  IX, X, XI siniflərdə kimya üzrə Respublika Fənn Olimpiadalarında iştirak edərək 3 qızıl medal qazanıb. O, eyni zamanda, 54-cü Beynəlxalq Kimya Olimpiadasında, 2021-ci ilin dekabrında Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında və digər olimpiadalarda iştirak edərək müvəffəqiyyət əldə edib. Bu yaxınlarda  Qazaxıstanın Astana şəhərində 20-dən çox ölkənin iştirak etdiyi 57-ci Beynəlxalq Mendeleyev Kimya  Olimpiadasında (IMChO)  Dəniz Səttarlı bürünc medal qazanaraq ölkəmizi layiqincə təmsil etmişdir. O deyir ki, medal olimpiadada iştirakın kiçik bir hissəsidir: “Burada önəmli olan dostlar qazanmaq, xarici ölkələrə səfər etmək, növbəti yarışlar üçün daha yüksək səviyyədə hazırlaşmaqdır. Hər olimpiadada biz iştirakçı olaraq  zəif cəhətlərimizi öyrənir, onların üzərində daha da ciddi çalışırıq. Bu da bizim növbəti yarışlarda bu istiqamətləri təkmilləşdirməyə şərait yaradır”.

 

Onu da qeyd edək ki, Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts İnstitute of Technology) birbaşa qəbul alan məktəblimizdir. O, təhsilini kimya mühəndisliyi üzrə davam etdirməyi düşünür.

 

“Olimpiadalarda yaxşı təcrübə qazandım”

 

VI sinfə qədər Bakı şəhəri 90 nömrəli tam orta məktəbdə təhsil alan, VII sinifdən etibarən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseydə təhsilini davam etdirən XI sinif şagirdi Cəlil Hüseynov 5 ilə yaxındır ki, riyaziyyat olimpiadalarına hazırlaşdığını, həm yerli, həm də beynəlxalq yarışların bir çoxunda uğur qazandığını bildirib. O, bir müddət öncə dünya sıralanmasında ümumilikdə 11, qəbul olduğu “Kompüter elmləri” ixtisası üzrə 6-cı yerdə olan Sinqapur Milli Universitetinə (National University of Singapore) qəbul olub.

 

Olimpiadaların insana daim bir-birinə dəstək olan, eyni zamanda bir-biri ilə rəqabətdə olan bir mühitin yaratdığını deyən Cəlil sözlərinə əlavə edib: “Olimpiadalarda iştirakım mənə yaxşı təcrübə qazandırıb və bu da növbəti olimpiadalarda daha yaxşı iştirakım üçün mənə stimul olub. Olimpiadalar hər şeydən öncə məni yaxşı bir cəmiyyətin üzvü etdi. İstər yerli, istərsə də beynəlxalq olimpiadalarda maraqlı insanlar tanıdım, əhatə dairəmi böyütdüm”.

 

Cəlil Hüseynov bir çox yerli və beynəlxalq olimpiadalarda uğurla çıxış edib. Belə ki, o, 2020, 2021, 2022-ci illərdə Respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə 1 bürünc, 2 qızıl medal qazanıb. 2021-ci ildə təşkil olunan Qafqaz Riyaziyyat Olimpiadasında (CMO) və Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) qızıl, 2022-ci ildə Balkan Riyaziyyat Olimpiadasında (BMO) gümüş, 2022-ci ildə  Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) bürünc, 2022 və 2023-cü illərdə keçirilən Beynəlxalq Jautikov Olimpiadalarında (İZhO) isə bürünc medala layiq görülüb.

 

Tünzalə QULİYEVA

 



26.05.2023 | 11:08