Heydər Əliyev və Azərbaycanın neft strategiyası

Mayın 24-də “Holiday Inn Baku” otelində Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib. 

 

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir sıra elmi müəssisələrin baş direktorları, əməkdaşları, Milli Məclisin deputatları, SOCAR-ın nümayəndələri, Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan, İsrail, Qazaxıstan, Rusiya, Tacikistan və digər ölkələrdən alimlər iştirak ediblər.

 

Mərasimdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Konfransı Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov açaraq Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının bir neçə mərhələdən ibarət olduğunu, ilkin mərhələdə, yəni Ulu Öndərin ölkəmizə rəhbərlik etməyə başladığı 1969-cu ildən etibarən Xəzərdə aparılan geoloji-kəşfiyyat, qazma işləri nəticəsində Azəri-Çıraq-Günəşli kimi dərinliklərdə yerləşən zəngin neft yataqlarının kəşf olunduğunu söyləyib. Qeyd olunub ki, Ümummilli Lider bu mərhələdə görülən işlərin gələcəkdə müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edəcəyini bilirdi və buna uyğun addımlar atırdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqilliyin ilk illərində neft strategiyasını həyata keçirərkən bir çox çətinliklərlə üzləşdiyini deyən akademik Fəxrəddin Qədirov keçmiş Sovet İttifaqı ölkələri ilə iqtisadi əlaqələrin qırılması, ölkə ərazisində olan böhran və investisiya çatışmazlığının həmin illərdə başlıca problemlər olduğunu vurğulayıb.

 

Ümummilli Liderin “Neft Azərbaycanın milli sərvətidir” devizini əsas tutaraq xarici neft şirkətlərini ölkəmizə dəvət etdiyini deyən akademik,  yeni neft strategiyasının işlənib hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, məhz həmin dövrdə ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev yeni neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsində ən fəal iştirakçılardan oldu.

 

Akademik çıxışında qeyd edib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ni Ulu Öndər ölkəmizin suverenliyinin qarantı və iqtisadiyyatımızın inkişaf etdirilməsinin əsas faktoru olduğunu bəyan etdi, 1999-cu ildə isə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin çəkilişi haqqında müqavilə imzalandı.

 

Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən F.Qədirov 2017-ci ildə Azəri-Çıraq-Günəşli yatağının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişinin 2056-cı ilə qədər uzadıldığını vurğulayıb.

 

Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində Musa Əliyev, Şəfaət Mehdiyev, Xoşbəxt Yusifzadə kimi alimlərin xüsusi rolu olduğunu diqqətə çatdıran akademik Fəxrəddin Qədirov müstəqillik illərində isə Geologiya və Geofizika İnstitutunun bu sahədə fərqləndiyini söyləyib.

 

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli neft strategiyası mövzusunun  Heydər Əliyev və Azərbaycan dövlətçiliyi probleminin ana xətlərini müəyyən edən strateji əhəmiyyətə malik bir məsələ olduğunu bildirib. Qeyd edib ki, Heydər Əliyevin şəxsiyyətinin və onun gördüyü işlərin miqyası o qədər   geniş, çoxşaxəlidir  ki, bütün bunlar elmi araşdırmalar aparmağa, monoqrafiyalar yazmağa, dissertasiyalar müdafiə etməyə, ümumiləşdirmələr aparmağa tam əsas verir: “Bütün bunlarla bərabər hesab edirəm ki, Heydər Əliyev və neft strategiyası, Heydər Əliyev və Azərbaycan nefti məsələsi bu mövzuların içərisində əsas yer tutur. Heydər Əliyevin neft strategiyası Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həm birinci mərhələdə, həm də ikinci mərhələdə inkişafla, yüksəlişlə bağlıdır. Heydər Əliyev Azərbaycan neftindən xalqımızın milli maraqlarına uyğun şəkildə istifadə etmək siyasətini həyata keçirmişdir”.

 

AMEA rəhbəri daha sonra bildirib ki, Ulu Öndər SSRİ dövründə Azərbaycanda neft emalı sənayesini bərpa etməklə və miqyasını genişləndirməklə ölkədən xam neft ixracının payını qat-qat azaltmağa nail olmuş, apardığı siyasət nəticəsində neft hasilatı bir neçə dəfə artmış və ölkəmizə düşən pay əvvəlki illərdən çox olmuşdur.  

 

Ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi çətin iqtisadi böhran barədə də danışan akademik İsa Həbibbəyli Ulu Öndərin diplomatik bacarığı, uzaqgörənliyi, dəmir iradəsi sayəsində imzalanmış “Əsrin müqaviləsi” ilə xarici investorları ölkəmizə gətirdiyini, hasilatın pay bölgüsü ilə Azərbaycan neftindən xalqımızın mənafeyi naminə istifadə etməyi bacardığını söyləyib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, neft strategiyası istiqamətində də atdığı bütün addımları böyük bacarıqla, möhkəm iradə ilə inkişaf etdirdiyini vurğulayan  AMEA rəhbəri həmin zəmin əsasında ölkə başçısının yeni neft epoxasını formalaşdırdığını, TANAP, TAP, “Cənub Qaz Dəhlizi” və digər beynəlxalq layihələrin həyata keçirildiyini bildirib: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır və neftin, qazın satışından əldə olunan gəlir ölkəmizdə qeyri-neft sektorunun inkişafına, ən əsası isə insan kapitalına yatırılır”.

 

Sonra Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə çıxış edərək tədbirdə bir çox ölkədən qonağın iştirak etməsini Azərbaycanın neft strategiyasının dünyanın diqqətində olmasının göstəricisi kimi dəyərləndirib. Ulu Öndərin 1969-cu ildə respublika hakimiyyətinə gəldikdən sonra Azərbaycanın neft strategiyasında əsaslı dönüşün baş  verdiyini deyən akademik Akif Əlizadə həmin dövrdə Heydər Əliyevin atdığı addımların Azərbaycanın neftini qorumaq və gələcək nəsillərə saxlamaq məqsədi daşıdığını söyləyib. Qeyd edib ki, Ümummilli Liderin SSRİ-nin aparıcı ali təhsil və elm ocaqlarında təhsil almağa göndərdiyi gənclər arasında neft üzrə mütəxəssislər də vardı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən Azərbaycanın investisiya qoymağa imkanı olmadığını xatırladan akademik Akif  Əlizadə məhz Ulu Öndərin məharəti və nüfuzunun bu müqavilənin həyata keçirilməsində mühüm rol oynadığını deyib.

 

SOCAR-ın baş geoloqu Arzu Cavadova isə təmsil etdiyi qurum tərəfindən aparılan neft strategiyasından danışıb. Bildirib ki,  bu gün SOCAR-da neft-qaz-kondensatından əlavə, bərpa olunan alternativ enerji mənbələri üzrə də işlər  davam etdirilir.

 

Daha sonra Ümummilli Lider Heydər Əliyevin neft strategiyasını əks etdirən film nümayiş olunub.

 

Konfransda, həmçinin  AMEA-nın müşaviri akademik Yaqub Mahmudov “Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyəti”, Neft və Qaz İnstitutunun professoru Vaqif  Kərimov və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin əməkdaşı Ulyana Serikova “Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev - Azərbaycanın neft strategiyası konsepsiyasının müəllifidir”, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun elmi katibi  Şəlalə Hüseynova və şöbə müdiri Namaz Yusubov “Karbohidrogen sistemləri və palçıq vulkanizmi: paragenezis və ya birgə inkişaf”, Türkiyənin Dokuz Eylül Universitetinin professoru  Günay Çiftci “Yeni oyun dəyişdiricisi: dəniz qaz hidratları”, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə “Heydər Əliyevin  ideyaları  və Azərbaycanın iqtisadiyyatının davamlı, keyfiyyətli  inkişafı”  mövzularında məruzələrlə çıxış ediblər.

 

Öz işini elmi sessiyalarla davam etdirən konfrans mayın 25-də başa çatıb. Mayın 26-da isə konfrans iştirakçıları palçıq vulkanları olan ərazilərə ekskursiyaya gedəcəklər.

 

Samirə KƏRİMOVA

 



26.05.2023 | 10:20