“Qırmızı kitab”ın III nəşri

Azərbaycanın “Qırmızı kitab”ı III dəfə nəşr olundu. Ən yüksək akademik nəşr sayılan kitab Azərbaycan və ingilis dillərində hazırlanıb, ancaq burada latınca da növlər var. Kitabda 700-dən çox flora və fauna növünün mühüm elmi əsasları, Naxçıvan ərazisində yayılmış nadir bitki növləri haqqında çox faydalı elmi məlumatlar, eləcə də mindən çox nadir şəkil öz əksini tapıb. Əvvəlki iki nəşrdən fərqli olaraq bu nəşrdə nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin sayı artıb. Belə ki, Azərbaycanın “Qırmızı kitabı”nın I nəşrində nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 108 növ heyvan və 140 növ bitki,  II nəşrində 223 növ heyvan və 300 növ bitki əksini tapmışdısa, III nəşrdə 460 növ bitki, 241 növ heyvan, o cümlədən 47 növ göbələk adı daxil edilib.

 

“Qırmızı Kitab”ın 3-cü nəşrinin daha bir özəlliyi isə bu nəşrdə flora və fauna növlərinin çəhrayı siyahılarının tərtib edilməsindən ibarətdir. Bu siyahıya 49-u ali, 2-si ibtidai olmaqla 51 bitki növü salınıb.

 

Nadir və həssas növlər tarixi areallarına - işğaldan azad edilmiş ərazilərə reintroduksiya olunur

 

Nəsli kəsilmək təhlükəsi altında olan və qorunmasına ehtiyac yaranan fauna və flora növlərinin sayının artmasını ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev daha çox antropogen təsirlərin çoxalması, kəskin şəkildə özünü büruzə verən iqlim dəyişmələrinin mənfi təsirləri ilə izah edib. O, mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycanda bioloji müxtəlifliyin qorunması” mövzusunda keçirilən konfransda çıxış edərək bildirib ki, əvvəlki nəşrlərin tərtibi zamanı bir çox növlər üzrə məlumatlar olmadığından həmin növlər siyahıdan kənarda qalıb. Nazir “Qırmızı Kitab”ın III nəşrinin respublikamızın biomüxtəlifliyinin qorunması, nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin dəqiqləşdirilməsi və mühafizəsi tədbirlərinin gücləndirilməsi üzrə əsas istiqamətverici sənəd kimi mühüm rol oynayacağı qənaətindədir. Kitabın yeni nəşrinin Ümummilli Liderin 100 illik yubileyi ərəfəsində işıq üzü görməsi isə təsadüfi deyil: “Təbiətimizin böyük vurğunu, görkəmli dövlət xadimi Heydər Əliyevin məqsədyönlü siyasəti və davamlı fəaliyyəti sayəsində ölkədə nəsli kəsilmək təhlükəsi altında olan bir sıra bitki və heyvan növlərinin təbiətə qaytarılması, areallarının genişləndirilməsi mümkün olub”.

 

Nazir təbii sərvətlərin qorunması, yaşıllaşdırma tədbirlərinin miqyasının artırılması sahəsində əhəmiyyətli addımları hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyinin birinci dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin atdığını deyib. Məhz Ulu Öndər müstəqillik dövründə flora və faunamızın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasəti müəyyən edib: “Ölkəmizdə ekosistemlərin və təbii sərvətlərin qorunması istiqamətində həyata keçirilən, bünövrəsini Ulu Öndərin qoyduğu və son 20 ildə uğurla davam etdirilən dövlət siyasəti öz məntiqi bəhrəsini verir. Artıq xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektara qədər artırılıb. Hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır”.

 

Nazir Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin zəngin bioloji müxtəlifliyinin qorunması və onun gələcək nəsillərə çatdırılması istiqamətində UNESCO ilə əməkdaşlığa da diqqət çəkib.

 

O, İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) ilə birlikdə nadir və həssas növlərin ölkənin müxtəlif ərazilərindəki tarixi areallarına, o cümlədən işğaldan azad edilmiş ərazilərə reintroduksiya olunduğunu deyib.

 

Ulu Öndərin 100 illiyinə mühüm töhfə

 

AMEA prezidenti akademik İsa Həbibbəylinin fikrincə, ölkə başçısının Sərəncamı əsasında Milli Elmlər Akademiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının ərsəyə gətirdiyi iki cilddən ibarət “Qırmızı kitab”ın III nəşri “Heydər Əliyev İli”nin əlamətdar hadisələrindən biri, hər iki qurumun Ulu Öndərin 100 illiyinə mühüm töhfəsidir.

 

Akademik qeyd edib ki, təbii sərvətlərin, ətraf mühitin qorunması, təbiətin mühafizəsinin təşkili, biomüxtəlifliyin daha da zənginləşdirilməsi ölkəmizdə, əsasən Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərindən etibarən sistemli şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu proses milli parklar, təbiət qoruqları və yasaqlıqların yaradılması ilə müşayiət olunub ki, bu da Heydər Əliyev - İlham Əliyev epoxasının Azərbaycan tarixinə gətirdiyi yenilikdir. AMEA rəhbəri ötən müddət ərzində ölkəmizdə təbiətin qorunması və mühafizəsi istiqamətində bir çox rəsmi sənədlərin, qərarların qəbul edildiyini xatırladaraq, bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlar və layihələrin rolunu, Heydər Əliyev Fondunun və İDEA İctimai Birliyinin fəaliyyətini  xüsusi qeyd edib. O, Azərbaycanda biomüxtəlifliyin qorunmasının həm həyat tərzinə, həm də mükəmməl bir strateji əhəmiyyətə malik olan dövlət siyasətinə çevrildiyini söyləyib.

 

Akademik İsa Həbibbəyli “Qırmızı kitab”ın meydana çıxmasının ölkəmizdə həyata keçirilən dövlət siyasəti nəticəsində gerçəkləşmiş möhtəşəm bir layihə olduğunu deyib: “Hələ sovet hakimiyyəti illərində, Ulu Öndərin 1977-ci ildə imzaladığı qərarla Azərbaycanda “Qırmızı kitab”ların hazırlanmasına başlanılıb. 1989-cu ildə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının birinci cildi nəşr olunub. Sonrakı illərdə ölkəmizdə baş verən ictimai-siyasi proseslər, keçid dövrünün çətinlikləri bu sahədə işləri ləngitsə də, müəyyən nəticələr əldə olunub. 2013-cü ildə ikinci nəşr meydana çıxıb”.

 

Konfransda Azərbaycanın biomüxtəlifliyin qorunmasına sadiqliyi və qətiyyəti yüksək dəyərləndirildi

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan təbiətinə 30 illik erməni işğalının təsirindən danışıb. Nadir endemik bitkilərin işğaldan azad edilmiş ərazilərimizdə nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qaldığını, bədnam qonşularımızın sözügedən ərazilərdə biomüxtəlifliyi məhv etdiyini deyib. Ölkəmizdə bioloji müxtəlifliyin qorunması, saxlanması istiqamətində dövlət siyasətinin uğurlarına diqqət çəkən Sadiq Qurbanov “Qırmızı kitab”ın III nəşrini yüksək qiymətləndirib.

 

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi deyib ki, Heydər Əliyevin hakimiyyəti dövründə 14 beynəlxalq ekoloji sənədə qoşulan Azərbaycanda bu gün qorunan ekoloji ərazilər genişlənir, milli parklar, bioturizmin inkişafı üçün şərait yaradılır. O, Azərbaycanın biomüxtəlifliyin qorunmasına sadiqliyini və qətiyyətini yüksək dəyərləndirib.

 

Ruhiyyə DAŞSALAHLI

 



26.05.2023 | 13:07