ADU-da pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı olub

Azərbaycan Dillər Universitetində (ADU) 2022-2023-cü tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.

 

Konfransda ölkənin müxtəlif dövlət və özəl qurumlarının nümayəndələri, pedaqoqlar, təcrübə rəhbərləri və şagirdlər iştirak ediblər.

 

ADU-nun rektoru akademik Kamal Abdulla qeyd edib ki, Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbələri üç ay müddətində müxtəlif dövlət və özəl qurumlarda pedaqoji və istehsalat təcrübələrində uğurla iştirak ediblər:

 

“Bu il Azərbaycan üçün əlamətdar bir ildir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilir. Biz qalib xalq kimi Azərbaycan həqiqətlərini dünyaya çatdırırıq. Universitet olaraq da biz bu işdə öz real addımlarımızı atırıq. Vətən müharibəsi dövründə tələbələrimiz dünya ölkələrinin rəhbərlərinə, elm və mədəniyyət nümayəndələrinə yüzlərlə məktub göndərib. Bu məktublar rus, ingilis, fransız, alman, Koreya və s. dillərdə hazırlanıb. Sevindirici haldır ki, tələbələrimiz Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında hər zaman yaxından iştirak edirlər.

 

Pedaqoji və istehsalat təcrübəsinə yollanan tələbələrimiz haqqında yüksək fikirlər səslənir, onların bilik və bacarıqlarına müsbət qiymət verilir. Hətta bəzi təcrübəçi tələbələrimiz həmin təcrübə keçdikləri qurumlarda işə də götürülüb. Bütün bunlar bizi sevindirir. İnanıram ki, tələbələrimizin uğurları bundan sonra da davam edəcək”.

 

ADU-nun Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Məmməd İsmayılov təcrübələrin yekunları haqqında məlumat verib. Bildirib ki, müxtəlif dövlət və özəl qurumlarda təcrübə keçən tələbələr özlərini ən yaxşı tərəfdən göstərə bilib, etimadı doğruldub və məzun olacaqları universiteti layiqincə təmsil ediblər.

 

Sonra pedaqoji təcrübəyə həsr olunan video-çarx izlənilib.

 

“Hədəf” şirkətlər qrupunun təsisçisi və baş direktoru, dosent Şəmil Sadıqov tədbirin mahiyyətindən danışıb, tələbələrin uğurlarına diqqət çəkib. Qeyd olunub ki, təcrübə müddətində tələbələr özlərini yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə şagirdlərə sevdirə bilib:

 

“Tələbələr öz bilik və bacarıqlarını şagirdlərə sevgi və qayğı ilə ötürə bildilər. Bu çox vacib məsələdir. Sevindirici haldır ki, tələbələrin pedaqoji təcrübəsinin yekun iclası belə bir formatda keçirilir. Bu da universitetin tələbələrinə nə qədər diqqət və qayğı ilə yanaşmasının bariz göstəricisidir”.

 

Digər çıxışçılar- 35 saylı məktəbin direktoru Rəna Naibova, Azərbaycan Britaniya Kollecinin baş meneceri Ələkbər Ələkbərov, 135 saylı məktəbin direktoru Şəfa Qurbanova, Landau məktəbinin direktor müavini Aygün Müslümlü, Xarici İşlər Nazirliyi Kadrlar İdarəsi rəisinin müavini Fuad Əzizli, “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov, “Şəms” Tərcümə Mərkəzinin direktoru Nəsimi Ağayev, “Avrasiya” Tərcümə Mərkəzinin direktoru Nərmin Hüseynova, Azərbaycan Fransız Universiteti Karyera Mərkəzinin direktoru Sevda İsmayılova, DGK-nın Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fatma İbrahimova, Xəzər TV-nin İnsan Resursları departamentinin direktoru Sevinc Nəcəfova, Təhsil-1 fakültəsinin tələbəsi Sənubər Şabanova, Regionşünaslıq və BM fakültəsi tələbəsi Fəridə Vəlizadə təcrübə müddətinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, təcrübə müddətində tələbələr özlərini ən yaxşı tərəfdən göstərə biliblər.

 

 



26.05.2023 | 16:25