Pedaqoji Universitetlə Tarix İnstitutu Əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində AMEA-nın Tarix İnstitutu ilə birgə “Heydər Əliyev 100 il: Müasir dövrdə elm və təhsilin inteqrasiyası” adlı elmi-praktik konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov müasir dövrdə elm və təhsilin inteqrasiyasının günümüzün tələbi olduğunu qeyd edərək, Azərbaycanda mövcud universitetlərlə AMEA-nın institutları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Rektor, həmçinin qeyd edib ki, elmi kadrların, müasir tələblərə cavab verən dərsliklərin hazırlanması, birgə elmi simpozium, seminar, konfransların keçirilməsi və digər məsələlər ADPU ilə Tarix İnstitutu arasında əməkdaşlığı zəruri edən əsas amillərdəndir.

 

Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov isə qeyd edib ki, Azərbaycanda yeni elmi ənənələrin və milli tarix konsepsiyasının formalaşdırılması üçün intellektual və dünya tarix elminin nəzəri istiqamətlərini dərindən bilən gənc kadrlara böyük ehtiyac var. Məhz bu kadrların elmi müstəviyə gəlməsində universitetlər ilkin elmi baza rolunu oynayırlar. Professor K.Şükürov, həmçinin rəhbərlik etdiyi Tarix İnstitutu ilə ADPU arasında elmi əlaqələrin nəzəri və praktiki tərəflərindən, əməkdaşlıq çərçivəsində görüləcək işlərdən, Tarix İnstitutunun elmi imkanlarının təhsil sisteminə transformasiya perspektivlərindən danışıb.

 

Tarix İnstitutunun şöbə müdirləri və  professorlar- Şahin Fərzəliyev, Tofiq Mustafazadə, Mais Əmrahov, elmi katib dosent Ellada Bəkirova, dosent Mübariz Ağalarlı, ADPU-nun tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova, ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri dosent Sevinc Əliyeva və digər natiqlər öz çıxışlarında Azərbaycanda elm və təhsilin inteqrasiya problemləri, ali təhsil müəssisələri ilə AMEA arasında elmi əməkdaşlığın perspektivləri haqqında danışıblar.

 

Sonda universitetlə institut arasında Əməkdaşlıq memorandumu imzalanıb.

 

 



27.05.2023 | 10:54