İmtahan nəticələrindən narazı qalanlar üçün apelyasiya prosesi iyunun 14-də təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

DİM-dən bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün 14 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılıb ki, bu tip müraciətlərə baxılmayacaq.

 

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər  10 iyun saat 10:00-dan 12 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 



07.06.2023 | 10:13