Peşə təhsili üzrə kommunikasiya görüşü keçirilib

İyunun 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin iştirak etdiyi növbəti kommunikasiya görüşü keçirilib. Görüşdə peşə təhsilinin əhatə dairəsi, əmək bazarında iş imkanları, işğaldan azad edilmiş ərazilərdə peşə təhsili müəssisələrinin tikintisi əsas müzakirə mövzularından olub. 

 

Görüşdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov əmək bazarında peşə ixtisaslı kadrlara böyük ehtiyac olduğunu və buna görə də növbəti illərdə peşə təhsili şəbəkəsinin əhatə dairəsinin genişləndiriləcəyini vurğulayıb.  

 

Peşə təhsili müəssisələrinin tikintisi barədə danışan Ceyhun Kərəmov qeyd edib ki, növbəti illərdə Qarabağda 8 peşə təhsili müəssisəsi qurulacaq. 

 

Yüksək texniki peşə təhsilindən danışan Ceyhun Kərəmovun sözlərinə görə, bu peşə təhsili səviyyəsi üzrə tələbə sayının 2026-cı ilədək 9200 nəfər artırılması gözlənilir. 700-dən çox tələbənin alman təcrübəsi əsasında dual təhsil proqramına cəlb edildiyini xatırladan Ceyhun Kərəmov bildirib ki, bu, 70-dən çox işəgötürənlə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Göstəricinin 1000 nəfərə çatdırılması planlaşdırılır.


Daha sonra media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

 

 



07.06.2023 | 18:41