AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sisteminə daxil edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı (AzMİU) növbəti dəfə Round University Ranking (RUR Ranking) beynəlxalq reytinq sisteminə daxil edilib.

 

Ali məktəbdən bildirilib ki, dünyanın 1215 nüfuzlu universiteti reytinqdə yer alıb və AzMİU bu sırada ən yaxşı top universitetlər arasında 1180-ci yerdə qərarlaşıb.

 

Reytinq cədvəlinə Azərbaycandan AzMİU ilə yanaşı, 50-yə yaxın ali təhsil müəssisəsindən cəmi 5 universitet – Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Texniki, Qərbi Kaspi və Bakı Biznes universitetləri düşüb.

 

RUR Ranking – universitetlərin beynəlxalq reytinq sistemidir. Bu reytinq RUR Agentliyi tərəfindən 2010-cu ildən bu günə qədər hər il nəşr olunur. Agentlik dünya universitetlərini müxtəlif parametrlər üzrə qiymətləndirir. Qiymətləndirilmə 4 istiqamətdə 20 göstərici üzrə aparılır: tədris, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə.

 

AzMİU bu il Azərbaycan ali təhsil müəssisələri arasında beynəlxalq əlaqələrinə görə lider olub. Universitet tədris üzrə 1101, tədqiqat üzrə 1193, beynəlxalq əlaqələr üzrə 862, maliyyə dayanıqlığı üzrə isə 1181-ci yerdə qərarlaşıb.

 

Qiymətləndirilmə istiqamətlərində beynəlxalq əlaqələr üzrə AzMİU-nun yüksək göstəricisi universitetin xarici universitetlərlə qarşılıqlı əlaqələri, ikili diplom müqavilələri, əcnəbi müəllim və tələbə kontingenti, kadr potensialının beynəlxalq elm arenasına çıxışı və bu kimi digər məsələlər də son illər əldə olunan irəliləyişdən qaynaqlanır.

 

Reytinqin əsas məqsədi ali təhsilə marağı olanları (abituriyentlər, tələbələr, akademik və elmi işçilər) universitetlərə cəlb etməkdir. RUR Ranking 6 bölmə üzrə: humanitar, texniki, təbiət, sosial, bioloji və tibb elmləri üzrə hazırlanır.

 

Xatırladaq ki, ötən il 1021 universitetin yer aldığı reytinqdə AzMİU 903-cü yerdə qərarlaşıb.

 

 



08.06.2023 | 17:39