Xarici ölkə mütəxəssisləri Azərbaycanda aparılan etnobotaniki tədqiqatlarla maraqlanır

Beynəlxalq Qida Elmləri İttifaqı nəzdində yerli və ənənəvi qida sistemləri və Qidalanma üzrə işçi qrupunun üzvü, FAO-nun qlobal mərkəzinin əməkdaşı, Toronto Universitetinin Sosial və Davranış Elmləri Bölməsinin fəlsəfə doktoru Zeyuan Wang Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda olub.

 

Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva ilə görüş zamanı qonağa institutun fəaliyyət istiqamətləri, aparılan etnobotaniki tədqiqatlar, beynəlxalq layihələr haqqında geniş məlumat verilib.

 

Səfərdən öncə Zeyuan Wang uzun müddət Azərbaycanda yaşayan etnik qrupların bitkilərdən istifadəsi barədə professor S. İbadullayeva ilə müzakirələr aparıb. O, yerinə yetirdiyi tədqiqatın məqsədi barədə məlumat verərkən bildirib ki, yerli icmalar və etnik qruplar arasında yerli, ənənəvi qida sistemlərində bitkilərdən istifadə, insanlar və bitkilər arasında qarşılıqlı əlaqə və mənəvi bağlılıq, bitkilərin insanların sağlamlığına təsiri kimi mövzularda araşdırma aparır. Qonaq professor S.İbadullayeva tərəfindən tərtib edilmiş etnik qrupların yaşayış məskənləri barədə xəritə və onun legendasını əsas götürərək səfər müddətində Lənkəran, Zaqatala, Quba və digər bölgələrdə olan etnik qruplarla görüşdüyünü, onlar arasında sorğu keçirdiyini deyib.

 

S.İbadullayeva Zeyuan Wangı maraqlandıran suallara əsasən, Azərbaycanda etnik qrupların ən çox məskunlaşdığı yerlər, onların sağlamlıq üçün istifadə etdikləri qida və dərman bitkiləri, iqlim dəyişikliyinin bitkilərə təsiri, bitkilər və insanlar arasında qarşılıqlı əlaqələrin olması və s. mövzularda ətraflı məlumat verib.

 

Görüşdən məmnunluğunu bildirən qonaq Botanika İnstitutunda əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Müştərək tədqiqatların aparılması və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.

 

Sonda qonağa etnobotaniki tədqiqatlar zamanı yığılan dərman bitkilərinə aid nümunələr təqdim edilib.

 

 



12.06.2023 | 17:39