GDU-da gün ərzində 2000-ə yaxın tələbə imtahan verir

Gəncə Dövlət Universitetində (GDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası uğurla davam edir.

      

Universitetdən bildirilib ki, yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb. İyun ayının 12-dən etibarən kompüter vasitəsilə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. 50 test sualını cavablandırmaq üçün 1 saat vaxt təyin edilib.  Gün ərzində 2000-ə yaxın tələbənin imtahanlarda iştirak etməsi nəzərdə tutulur.

     

Bununla yanaşı, dünəndən etibarən pilot layihə üzrə hazırlanan “Biologiya müəllimliyi” ixtisasında təhsil alan tələbələr şifahi qaydada imtahan verirlər.

     

İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi və auditoriyalarda imtahanların aparılması üçün lazımi şərait yaradılıb. İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apelyasiya Komissiyası təşkil edilib.

     

İmtahan sessiyasının  5 iyul 2023-cü il tarixində yekunlaşması nəzərdə tutulur.

 



13.06.2023 | 11:19