IELTS imtahanına təşviqlə bağlı üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Slavyan Universitetində (BSU) Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BSU arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri səlahiyyətlərini icra edən Yaqub Piriyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova, Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri Turxan Süleyman, universitetin əməkdaşları və tələbələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan rektor Anar Nağıyev bugünkü tarixin BSU üçün mühüm əhəmiyyət kəsb edən gün olduğunu deyib. O, 2000-ci il iyunun 13-də Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında BSU-nun yaradıldığını deyib. Bildirib ki, yeni status və geniş profildə fəaliyyətini davam etdirən ali təhsil ocağı bu gün 30-dək ixtisas üzrə qəbul həyata keçirir. Rektor keçən tədris ilində qəbul planına 2 yeni ixtisas- “Psixologiya” və “Korreksiyaedici təlim”in əlavə olunduğunu, bu il isə “Politologiya”, “Tarix müəllimliyi”, “Tərcümə”, “Filologiya” (türk dili və ədəbiyyatı) ixtisaslarına qəbul aparıldığını vurğulayıb. A.Nağıyev ali təhsil müəssisələrində səriştə əsaslı kadr hazırlığı prosesinin qurulmasının zəruriliyini önə çəkib və bu istiqamətdə atılan addımlara toxunub. Bu kontekstdə BSU-da görülən işlərdən bəhs edərək, TKTA nümayəndələrinin, həmçinin “Yüksəliş” müsabiqəsi təmsilçilərinin keçirdiyi təlimləri qeyd edib. Rektor universitetin inkişafı istiqamətində həyata keçirilən layihələrdə Elm və Təhsil Nazirliyinin, nazir Emin Əmrullayevin və nazirliyin qurumlarının dəstəyini qeyd edib, onlara təşəkkürünü bildirib. A.Nağıyev əminliyini ifadə edib ki, üçtərəfli müqavilə universitetin yenidən təşkili və inkişafında öz töhfəsini verəcək.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təmsil etdiyi qurum haqqında geniş məlumat verib. Fondun İdarə Heyətinin sədri üçrtərəfli müqavilənin ali təhsil müəssisələrinin əməkdaşları və tələbələri üçün yaradacağı imkanları qeyd edib. E.Nəsibov deyib ki, 52 ali təhsil müəssisəsindən 27-si artıq bu layihəyə qoşularaq bir klubda birləşiblər. O, BSU-nu bu kluba üzvlüyə qəbul olunması münasibətilə təbrik edib.

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri səlahiyyətlərini icra edən Yaqub Piriyev müqavilənin əhəmiyyətindən danışıb. O, bakalavr və magistrantlar üçün ali təhsilin növbəti pillələrində dil üzrə imtahanlarda uğur qazanmaq üçün şərait yaradıldığını, imkanlar verildiyini qeyd edib. Y.Piriyev son dövrlərdə BSU-nun inkişafının nəzərəçarpan olduğunu deyib, qəbul planının ilbəil artmasının müşahidə olunduğunu və bunun universitetin düzgün inkişaf istiqamətində fəaliyyətinin nəticəsi kimi dəyərləndirib.

 

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova TKTA-nın fəaliyyət istiqamətindən söz açaraq, BSU ilə əməkdaşlıq əlaqələrinə toxunub. İmzalanan müqavilənin ali təhsil müəssisəsinin həm akademik, həm də inzibati heyət üçün, o cümlədən tələbələr üçün faydalı olduğunu qeyd edib, hər kəsin bu müqavilənin açdığı perspektiv imkanlardan bəhrələnəcəyinə əminliyini vurğulayıb.

 

Sonra üçtərəfli müqavilənin imzalanma mərasimi olub.

 

Qeyd edək ki, sözügedən layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.

 

Xatırladaq ki, universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılıb. Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə icra etdiyi layihənin tərəfdaşları Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetləridir.

 

Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.

 

 



13.06.2023 | 17:10