“Heydər Əliyevin xilaskar qayıdışı”

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə  “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda konfrans keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Taleh Qaraşov öncə iştirakçıları 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib. İcra başçısı Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar rayonda keçirilən tədbirlərdən danışıb və hazırkı konfransı da silsilə tədbirlərin davamı adlandırıb. Bildirib ki, 15 İyun Azərbaycan dövlətçiliyinin xilası tarixidir:”Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır”. T.Qaraşov 30 il öncə cənub bölgəsində yaşanan xaosdan, Heydər Əliyevin anarxiyaya son qoymaq istiqamətində apardığı müdrik siyasətin uğurlu nəticələrindən danışıb.

 

Konfransda Lənkəran Dövlət Universitetinin beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru dosent  Zaur Məmmədov, universitetin tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emil Məlikov, Darquba kənd tam orta məktəbin direktoru Mayis Kazımov mövzu ilə bağlı çıxış ediblər. Məruzə və çıxışlarda bildirilib ki, Heydər Əliyevin hər iki rəhbərlik dövrü məhz ölkəmizin qurtuluşu missiyası ilə başlayıb, sonrakı mərhələdə isə Azərbaycanın  sürətli sosial-iqtisadi inkişafına və mədəni intibahına həsr olunub. Ümummilli Lider Heydər Əliyevin Milli Qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edib, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.

 

Məruzə və çıxışlarda qeyd edilib ki, neçə-neçə nəsillər bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanır və gələcəkdə də faydalanacaqdır. Milli Qurtuluşun yaratdığı möhkəm zəmin üzərində Prezident İlham Əliyev müstəqil milli dövlətçilik siyasətini uğurla davam etdirir.

 

Konfrans “Heydər Əliyevin xilaskar qayıdışı” adlı videoçarxın nümayişi ilə  başa çatıb.

 

 



14.06.2023 | 17:09