Saray qəsəbə 3 nömrəli tam orta məktəbində “Son zəng”

Məktəb illəri. Həyatımızın önəmli və unudulmaz illəri. Oxuyuruq, bilik və bacarıqlarımızı artırırıq, şəxsiyyət kimi formalaşırıq. Dostlar, sevimli müəllimlər qazanırıq.  Sonra vidalaşırıq. Gözəl xatirələrlə. Bu illəri həmişə xoş duyğularla xatırlayırıq.  Ona görə də “Son zəng” çalınanda istər-istəməz kövrəlir, duyğusallaşırıq... Bu gün ölkənin bütün məktəblərində olduğu kimi,  Abşeron rayonu Saray  qəsəbə 3 nömrəli tam orta məktəbində də məzunlar üçün  “Son zəng” çalındı. 11-cilərin məktəbə əlvida tədbiri Dövlət Himnimizlə başladı. Sonra canlarını Vətən ugrunda qurban verən, uca məqama, şəhidliyə yüksələn igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

 

Tədbirdə Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Şəhid Rauf İbadovun anası Zərnigar  İbadova, Vətən müharibəsi iştirakçısı, qazi İftixar Tanrıverdiyev, Abşeron –Xızı Regional Təhsil İdarəsinin baş məslətçisi Ülviyyə Hüseynova və digər şəxslər də iştirak edirdilər.

 

Məktəbin direktoru Təyyibə Hüseynova məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. Respublikamızda aparılan təhsil islahatlarından, Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Məktəbin uğurlarından da danışan direktor bildirdi ki,  cari ildə tədris ocağının şagirdləri istər buraxılış imtahanlarında, istərsə də qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

 

Tədbirdə çıxış edən Abşeron –Xızı Regional Təhsil İdarəsinin baş məslətçisi Ülviyyə Hüseynova  məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər dilədi.

 

Müəllimlərin də məzunlara ürək sözləri var idi. Arzu etdilər ki, onlar gələcək həyatlarında uğurlar qazansınlar, dövlətimizə layiqli vətəndaş olsunlar.  

 

Tədbir ədəbi-bədii kompozisiyalarla davam etdi.  Nəhayət “Son zəng” çalındı...

 

Rəşad ZİYADOV

 

 



14.06.2023 | 17:00