“Təhsilimiz: dünəndən sabaha”

İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirovun 75 illiyinə həsr olunmuş “Təhsilimiz: dünəndən sabaha” adlı elmi-praktik konfrans keçirilib.

 

Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ADPU-nun təşkilatçılığı ilə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, universitet rektorları ilə yanaşı Qazaxıstan, Yeni Zelandiya, Rusiya, Gürcüstan və Azərbaycandan elm və təhsil xadimləri qatılıblar.

 

Tədbirin keçirilməsində əsas məqsəd dünəndən sabaha yönələn təhsili müzakirə etmək, təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün perspektivləri nəzərdən keçirmək, qabaqcıl beynəlxalq təcrübə və yeni yanaşmalarla tanış olmaqdır.

 

“T-Network” platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə keçirilən tədbirdə öncə Əməkdar müəllim Asif Cahangirovun həyat və elmi-pedaqoji fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda Asif Cahangirovun müasir Azərbaycan təhsilinə yanaşmaları, bir neçə xarici səfərlərindən franqmentlər əksini tapıb.

 

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov Asif Cahangirovun elmi-pedaqoji fəaliyyətindən söz açıb. A.Cahangirovun təhsil sahəsində zəngin təcrübə və dayanıqlı səriştələrə malik olduğunu bildirən rektor belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ADPU-da tanınmış alimlərin, elm adamlarının irsinin təbliği məqsədilə bu kimi elmi-praktik konfransların vaxtaşırı təşkil olunduğunu sözlərinə əlavə edib.

 

Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək son bir əsrdə Azərbaycan təhsilinin inkişafının müxtəlif ictimai-siyasi şəraitlərdən keçərək bir çox sınaqlara məruz qaldığını diqqətə çatdırıb.

 

Vətən müharibəsindəki tarixi zəfərimizə toxunan Emin Əmrullayev diqqətə çatdırıb ki, bu il ilk dünyəvi məktəbimiz olan Şuşa şəhəri 1 nömrəli məktəbin təmirdən sonra açılışı olacaq. Bu, tarixi zəfərimizin və Azərbaycan təhsilinin böyük simvoludur.

 

Azərbaycan təhsilində tədqiqatlara əsaslanan elmiliyi artırmağın zəruriliyini vurğulayan nazir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər olan dövr üçün təhsilin inkişafı baxımından əsas hədəflərin əks olunduğunu və bu istiqamətdə planlı fəaliyyətin icra edildiyini bildirib.

 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışının sonunda qeyd edib ki, təhsilin inkişafında son illərin əhəmiyyətli yanaşmalarından biri də Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarına qatılmasıdır.

 

Tədbirdə yubilyar Asif Cahangirov qonaqları və tədbir iştirakçılarını salamlayaraq “Təhsilimiz: dünəndən sabaha” mövzusunda slaydlar vasitəsilə çıxış edib. A.Cahangirov  müasir təhsilin qarşımıza qoyduğu tələblərdən söz açıb. Təhsildə yeni çağırışlar və yanaşmalardan danışan Əməkdar müəllim səriştəəsaslı, hümanist təhsilin əhəmiyyətini xüsusi vurğulayıb.

 

Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin fəxri prezidenti Şalva Amonaşvili, Yeni Zelandiyadan olan təhsil üzrə məsləhətçi Qreem Pollok, Bakı Slavyan Universitetinin prorektoru  Ənvər Abbasov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva və digərləri tədbirdə çıxış edərək Asif Cahangirovun təhsilə yeni pedaqoji yanaşmalarının əhəmiyyətindən danışıblar.

 

Tədbirdə Asif Cahangirova Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin ali mükafatlarından olan “Ruh qəhrəmanı” ordeni təqdim olunub.

 

Niyazi RƏHİMOV

 



15.06.2023 | 09:50