III Şagird Respublika elmi-praktik konfransı keçirilib

S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika elmi-praktik konfransı keçirilib.

 

Konfransın təşkilatçıları Elm və Təhsil Nazirliyi, Respublika humanitar fənlər gimnaziyası, AMEA-nın Şərqşünaslıq İnstitutu, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba və Şamaxı filialları, Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi və Şirvan kimya-biologiya təmayüllü liseydir.

 

Açılış tədbirində çıxış edən Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu xatırladaraq, bununla əlaqədar gimnaziyada bir sıra yarışlar, müsabiqələr keçirildiyini , “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika elmi-praktik konfransının  da bu tədbirlər sırasında önəmli yer tutduğunu bildirib. İ.Talıbov gimnaziyada fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyətindən danışıb, şagirdlərin beynəlxalq tədbirlərdə uğurlarını qeyd edib və onların elmin başlanğıc yolunda uğurla addımladıqlarını vurğulayıb.

 

Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru  Zakir Eminov konfransda iştirak edən şağirdlərin mükafatlandırılmasının onları elm yolunda irəli  aparan, həvəsləndirən amil olduğunu bildirib, bu yolda onlara dəstək verməyin ali təhsil və elm müəssisələrinin borcu olduğunu vurğulayıb.

 

Şərqşünaslıq İnstitutunun icraçı direktoru  dosent Ruhəngiz Cümşüdlü elm və təhsilin inteqrasiyasını dəstəkləyən konfransın iştirakçıları sırasında gələcəyin alimlərinin yetişdiyinə əminliyini bildirib.

 

ADPU-nun Şamaxı filialının direktor müavini Şasəddin Mikayılov konfransda iştirakın şagirdlərin inkişafında, sərbəst düşüncələrinin formalaşmasında mühüm rol oynayacağını, onların gələcəkdə müxtəlif sahələrdə elmin sərvətinə çevriləcəyini söyləyib.

 

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı konfransda gələcəyin alimlərinin üzə çıxarılaraq cəmiyyətə intellektual bir gənclik kimi təqdim edildiyini deyib. Eləcə də bu cür tədbirlər,   mütəmadi olaraq alim və mütəxəssislərlə görüşlərin keçirilməsi onların formalaşması üçün mühüm əhəmiyyət kəsb edir.

 

Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya – biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya” və “Estetik və fiziki tərbiyə” bölmələrində davam etdirib.

 

Konfransda 82 şagird öz elmi işini təqdim edib. Konfransın yekununda hər bölmə üzrə yüksək nəticə göstərən üç şagird mükafata layiq görülüb. Konfransın bağlanış mərasimində mükafata layiq görülən şagirdlər müvafiq dərəcəli medallar, diplomlar və qiymətli hədiyyələrlə, bütün iştirakçılar isə sertifikatla təltif olunub.

 



21.06.2023 | 10:22