NDU ilə Folklor İnstitutu əməkdaşlıq müqaviləsi imzalayıb

Naxçıvan Dövlət Universitetində (NDU) “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda konfrans keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirən Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməyib, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış edib. Diqqətə çatdırılıb ki, elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru AMEA-nın həqiqi üzvü Muxtar İmanov, Azərbaycan Dövlət Pedaqoji  Universitetinin elm və innovasiyalar üzrə prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov  Azərbaycanda elmin inkişafında, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında və attestasiyasında, respublikamızın elmi potensialının formalaşması və gücləndirilməsində, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiq imkanlarının genişləndirilməsində, demokratik dövlətçiliyimizin elmi əsaslar üzərində qurulmasında, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində, güclü iqtisadiyyatımızın qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna və misilsiz xidmətlərindən danışıblar.

 

Sonra NDU ilə Folklor İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqavilədə birgə elmi tədqiqatlar aparmaq, layihələr həyata keçirmək, elmi-tədqiqat məlumatlarının və texniki materialların mübadiləsini həyata keçirməklə bərabər akademik heyətin mübadiləsini təşkil etmək, konqres, konfrans, simpozium, seminar və s. kimi birgə elmi yığıncaqlar təşkil etmək, prioritet innovativ layihələri birgə işləyib hazırlamaq və yaradılmış innovativ texnologiyaların, məhsulların tətbiqi üçün şərait yaratmaq məsələləri öz əksini tapıb.

 

 



21.06.2023 | 17:44