Tarixi missiya

1993-cü il 24 iyun. 30 il bundan əvvəl görkəmli siyasi xadim Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdı. Ölkəmizin ağır sınaqlardan keçdiyi bir dövrdə...

 

Bu, o dövr idi ki, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalıq yaratmış, Azərbaycan son dərəcə çətin bir imtahanla üz-üzə qalmışdı. Daxildə vətəndaş müharibəsi alovlanmış, iqtisadiyyat çökmüş, əhalinin sosial durumu tamamilə ağırlaşmış, ən pisi isə torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Dövlət idarəetmə təcrübəsi olmayan şəxslərin vəzifə sükanı arxasında dayanması suverenliyimizə ciddi təhdid yaratmışdı. Hakimiyyətin başında dayanan yarıtmaz komanda belə bir çətin, mürəkkəb situasiyada dünyaşöhrətli siyasətçi Heydər Əliyevin gücündən, təcrübəsindən istifadə etməyi tək çıxış yolu kimi gördü, başqa sözlə xalqın israrlı tələbi ilə  görkəmli siyasi xadimi Naxçıvandan Bakıya dəvət etdi.   

 

Mükəmməl idarəçi, böyük təcrübə sahibi, xarizmatik şəxsiyyət, Azərbaycanın dostları və düşmənləri ilə necə danışmaq lazım olduğunu yaxşı bilən Heydər Əliyev 15 iyunda Naxçıvandan Bakıya gəldi. Bu tarix Milli Qurtuluş kimi təntənə qazandı. 1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi əsasında  Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçilməsi ilə ölkəyə ciddi nəzarət başladı, hadisələrin dramatizmi müəyyən qədər səngidi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı. Artıq Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi də aktuallıq qazanmışdı. Parlament 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi, bununla da ölkənin taleyi, bütün məsuliyyət rəsmən Heydər Əliyevin etibarlı əllərinə tapşırıldı.      

 

Heydər Əliyev Azərbaycanın düşdüyü vəziyyətin ağırlığını və məsuliyyətini gözəl dərk edir, müstəqilliyi dadmış xalqına həmin xaotik, çətin günlərdə məhz qətiyyətli vədlər verirdi:”...Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək”.

 

Azərbaycan xalqı bu fikirlərə əsla şübhə etmədi, əksinə Heydər Əliyevin bu möhkəm duruşundan, bəyanat və müraciətlərindəki mətanətdən, güclü iradədən  ruhlandı, onun ətrafında daha da sıx birləşdi. Çünki Heydər Əliyev üzərinə götürdüyü bütün missiyalarda hər zaman xalqına inkişaf, sabitlik, böyük uğurlar qazandırmışdı. Onun siyasi kimliyi faktiki olaraq Azərbaycanı sonu naməlum, son dərəcə qorxunc siyasi böhranın, vətəndaş müharibəsinin caynağından qopartdı.

 

Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini diqqət mərkəzində saxladı, mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etdi. Ölkədə cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan olundu; qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi; sosial-iqtisadi yüksəlişə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.

 

İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ermənistan-Azərbaycan arasında atəşkəs rejiminin tətbiqi ilə bağlı sənəd imzalandı. 1994-cü ildə ortaya qoyulan,  Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirən “Əsrin müqaviləsi” Azərbaycanda təntənə ilə imzalandı. Neft faktoru Azərbaycanın milli təhlükəsizlik faktoruna çevrildi.

 

Böyük İpək yolunun açılması məsələsi istiqamətində konkret addımlar atıldı;  Bakı-Ceyhan neft kəməri çəkildi və imza atdığı digər strateji layihələri  Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunmasında təsirli bir vasitəyə çevirdi.  

 

Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsini xarici siyasətimizin əsas prioritetinə çevirdi. Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin, bəyanatların qəbul edilməsinə nail oldu.

 

Heydər Əliyev Azərbaycanı demokratik Avropaya qovuşdurdu. Ölkəmiz Avropa Şurasına üzv oldu; bu qurum qarşısında götürülən öhdəliklər yerinə yetirildi; siyasi partiyalar, mətbuat inkişaf etdi; qanunlar Avropa standartlarına uyğunlaşdırıldı. Azərbaycan regionun güclü, demokratik dövlətinə çevrildi. 

 

Böyük şəxsiyyət müəllifi olduğu azərbaycançılıq ideologiyası ilə xalqın birliyini təmin etdi. Bu ideologiya milli ruhu yüksəltdi, milli özünüdərki inkişaf etdirdi, xalqın tarixi yaddaşını özünə qaytardı.

 

Ulu Öndər Azərbaycanın iqtisadi baxımdan güclü olmasının əsaslarını yaratdı və bunu həm də Qarabağın azadlığı üçün etdi. Çünki güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq mümkün deyildi.       İqtisadi layihələr ölkəyə güclü pul gətirdi və  güclü pul güclü Azərbaycan ordusu yaratdı.  Ona görə də bu gün xüsusi vurğulanır ki, Qarabağın azadlığının ən böyük memarı Heydər Əliyevdir... 

 

Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə olmasaydı, xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycan müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsi yaşayanda, onu siyasi böhrandan, xarici təhlükələrdən xilas edə bilməzdi. Heydər Əliyev Azərbaycanı parçalamaq istəyən xarici qüvvələrə yerini göstərdi. Azərbaycanı dəhşətli faciələrdən qorudu və adını tarixin səhifələrinə XİLASKAR, əsl LİDER kimi yazdırdı.

 

Hakimiyyətdə olduğu on ildə hər gün sübut edə bildi ki, 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı, həmin vaxt üzərinə götürdüyü iki vəzifənin məsuliyyəti məhz Azərbaycanın bütövlüyünə, müstəqilliyinə, sosial-iqtisadi  inkişafına xidmət edən faktor oldu. Elə buna görə də ONUN adı tarixdə və xalqın qəlbində əbədi qalacaqdır.     

 

“Azərbaycan müəllimi”

 



24.06.2023 | 11:00