Bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən ali təhsil müəssisələrinin tələbələri arasında Bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev, ali təhsil müəssisələrinin tələbə həmkarlar ittifaqı komitələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

 

Giriş sözü ilə çıxış edən Mirzə Cəfərzadə bildirib ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş və  hər il təşkil edilən bədii yaradıcılıq festivalını keçirməkdə əsas məqsəd gənclərə milli vətənpərvərlik ruhu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

 

Sonra qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılıblar. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb. Ali məktəblər sırasında Azərbaycan Dövlət İqtisas Universitetinin (UNEC) tələbələri də yer alıb.

 

UNEC-in Vokal dərnəyinin solistləri Nigar Qasımova və Rəhimə Məmmədzadə Vokal (müasir üzrə) üzrə 1-ci yerin sahibi olublar.

 

Elxan İsgəndərov və Tərlan Hüseynzadə vokal kateqoriyası (milli) üzrə  2-ci yeri, UNEC Yaradıcılıq Mərkəzinin Rəqs  qrupu isə Müasir rəqs üzrə 2-ci yeri qazanıb.

 

UNEC rəqs ansamblının solistləri Zəkəriyyə Heydərov, Ələddin Süleymanov və Əhdiyyə Əliyeva diplomla təltif olunublar.

 

Əfsanə Qəhrəmanova, Vüsal Aslanov, Ramin Sadıqov, Mələk Babayeva, Nigar Hüseynzadə, Mətin Ağazadə, Turan Mirzəyev və  Xaliq Məmmədzadə Bədii yaradıcılıq müsabiqə-festivalında fəal iştiraklarına görə təltif olunublar.

 

 



12.07.2023 | 15:11