“Green Energy” Startup PitchFest

Bakı Gənclər Mərkəzinin və “MLK Tech Group” MMC şirkətinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun birgə tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar  “Green Energy” Startup PitchFest layihəsi baş tutub.

 

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ceyhun Məmmədov, Vüqar İskəndərov, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, “MLK Tech Group” MMC şirkətinin təsisçisi və direktoru Mələk Mahmudova, ictimaiyyət, media nümayəndələri və gənclər iştirak ediblər.

 

Aparıcı Günay Talıbovanın moderatorluğu ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirin ilk hissəsində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, “MLK Tech Group” MMC şirkətinin təsisçisi və direktoru Mələk Mahmudova çıxış edərək tədbirin məqsədi və hədəfləri haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 

Daha sonra tədbirin qonaqları “Green Energy” Startup PitchFest layihəsi və gənclərin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

 

Startup PitchFest-in qeydiyyat mərhələsi 10.06.2023 tarixində başlamış 27.07.2023 tarixində bitmişdir. Bu müddət ərzində yarış üçün 96 komanda qeydiyyatdan keçib. Yüksək potensiallı 20 komanda seçilərək Startup Pitchfest-də iştirak hüququ qazanıb.

 

Komandalar “Alternativ enerji”, “Yaşıl enerji”, “Enerji sərfiyyatı və idarəetmə” “Yenilənən enerji istehsalı”, “Ağıllı şəbəkələr”, “Enerji saxlanması” mövzuları üzrə öz startap ideyalarını münsiflər heyətinə təqdim ediblər.

 



14.07.2023 | 12:05