“Azərbaycan dili və ədəbiyyat tədrisi”

Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı 1954-cü il iyun ayının 15-i “Azərbaycan məktəbi” jurnalının metodik əlavəsi olaraq təsis edilmişdir. 1990-cı il dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq “Ana sözu” adı ilə çap edilməyə başlayan jurnal, 1997-ci il aprel ayının 2-dən “Azərbaycan dili və ədəbiyyat tədrisi” adı ilə yenidən nəşrinə davam edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir.  “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı il ərzində 4 dəfə çap edilən, resenziyalı, açıq girişli elmi-metodik nəşrdir. Jurnalın cari 2023-cü ilin 2-ci (276) sayı artıq çap olunmuşdur.  Jurnalın bu sayında “Dilçilik məsələləri”, “Metodika”, “Qrammatika”, “Azərbaycan ədəbiyyatı”, “Türk ədəbiyyatı” və “Ədəbi Mühit” rübrikaları altında 11 məqalə dərc edilmişdir. “Dilçilik məsələləri” bölməsi ilə başlayan bu sayda, pedaqogika üzrə elmlər doktoru, Nabat Cəfərovanın “Orfoqrafiyanın morfologiya ilə inteqrativ tədrisi” adlı məqaləsi yer alır. Məqalədə orfoqrafiyanın dil qaydaları, o cümlədən morfologiya ilə əlaqələrin əhəmiyyətindən, təlimin istiqamətinin qurulmasında şagirdlərin bu kimi bilik və bacarıqlarının artırılması məsələlərindən söhbət açılır.

 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fəridə Səfərəliyevanın həmin rubrikada dərc olunan “Orfaqrafiya təlimində istifadə edilən iş növləri” başlıqlı məqaləsi,şifahi nitq-yazılı nitqin formalaşması və inkişafı üçün zəmin yaradaraq fonematik təhlil prosesində nitqin səslərini və sözlərini düzgün tələffüz etmək, eşitmək və nitq səslərini fərqləndirmək, savadlı yazı üçün zəruri olan məsələləri etmək kimi fikirləri əhatələyir.

 

“Metodika” rubrikasında “Azərbaycan dili dərslərində müasir təlim metodları ilə dil qaydalarının öyrədilməsi yolları” adlı məqalə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Könül Məmmədli tərəfindən qələmə alınmışdır. Yazıda Azərbaycan dili dərslərində müasir təlim metodları ilə dil qaydalarının öyrədilməsi metodikasından bəhs olunur.

 

“Sintaktik funksiyaların formalaşmasında qoşmaların rolu” məqaləsi filologiya üzrə fəlsəfə doktoru, dosent Rəhilə Hümmətova tərəfindən “Grammatika” bölməsində oxuculara təqdim olunan ilk məqalədir. Bu yazıda müəllif, sintaktik vahidlərin qurulmasında müstəqil və köməkçi sözlər, işarə və nisbi əvəzliklər, cümlə üzvləri, cümlə sıralaması və intonasiyanın əsas faktor kimi iştirakı və qoşmaların sadalananlarla əlaqəli olmasından söhbət açılır.

 

Bu bölmədə dərc edilən növbəti məqalə “Qeyri-həmcins təyinlər”adlanır. Məqaləni görkəmli tədqiqatçı, təhsil eksperti Nabatəli Qulamoğlu qələmə alaraq qeyri-həmçins təyinlərin tədqiqat tarixinə qısa ekskurs etməklə onların müqayisəli şəkildə öyrənilməsi məsələlərini önə çəkir.

 

“Azərbaycan ədəbiyyatı” rubrikasında filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Təyyar Salamoğlu “Cəfər Cabbarlı dramaturgiyasında müəllif dünyagörüşü və tarixilik” adlı məqaləsilə  ədibin dramaturgiyasında tarixiliyin milli birlik, türkçülük və dini inancdan irəli gələn gücün estetik ifadəsi olduğunu nəzərə çatdırır.

 

Bu bölmədəki növbəti “Qasım bəy Zakirin XIX əsr ictimai satiranın, uşaq ədəbiyyatının yaranması və inkişafında rolu” başlıqlı məqalə filologiya üzrə fəlsəfə doktoru, dosent Pərixanım Soltanqızı tərəfindən yazıya alınmışdır. Məqalədə,sənətkarın XIX əsr ictimai satiranın, uşaq ədəbiyyatının yaranması və inkişafındakı rolu, ədəbi-bədii yaradıcılığı, eləcə də bir sıra mənzum hekayə və təmsilləri təhlil olunaraq diqqət önünə çəkilir.

 

“Qədim türk yazılı dastanları: Göytürk dastanları nümunəsində” məqalə “Türk ədəbiyyatı” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Aynur Səfərli tərəfindən hazırlanaraq- türk yazı tarixinin başlanğıcından,Orxon-Yenisey abidələri də daxil olmaqla günümüzə gəlib çatan bir sıra yazılı türk nümunələri Göytür dastanları əsasında tədqiqata cəlb olunmuşdur.

 

“Türk ədəbiyyatı” rubrikasında yer alan növbəti məqalənin müəllifi Özbəkistan Respublikası Namanqan Dövlət Universitetinin doktorantı Dilşadə Quliyevadır. O, “Codex Cumanicus-da durna haqqında tapmacanın poetikası” adlı məqaləsində, Codex Cumanicus (Kuman tapmacaları) -tapmacalarının müasir formalarını və əlyazmadakı gizli obyekt təsvirlərini özbək və qırğız tapmacaları ilə əlaqəli və yaxud müqayisəli olduğunu tədqiq və təhlil etmişdir.

 

“Ədəbi mühit” bölməsindəki “Əhməd Cavad yaradıcılığında milli tərbiyə nümunəsinin yeri və rolu” adlı məqalə pedaqogika elmləri doktoru, dosent Kamal Camalov tərəfindən yazıya alınıb. Məqalədə müəllif, görkəmli sənətkarın milli ruh və vətənpərvərlik məzmunlu şeirlərində yeniyetmə və gənclər üçün tərbiyə əhəmiyyəti daşıyan məqamların daha çox olduğunu göstərməyə çalışır.

 

“Konseptual inteqrasiya kommunikasiya şəbəkələri kimi” məqalə Azərbaycan Dillər Univeritetinin elmlər doktorluğu üzrə dissertantı, filologiya üzrə fəlsəfə doktoru Heydər Quliyev tərəfindən işlənmişdir. Məqalədə sosial qarşılıqlı əlaqədə bir sıra müəlliflərin geniş yayılmış konseptual metafor nəzəriyyələri inteqrasiya nəzəriyyələrinə alternativ olaraq təhlil olunmuşdur.

 

Məqalələr ilə daha ətraflı tall.edu.az saytından tanış ola bilərsiniz.

 

Yarandığı gündən aktuallığı və oxunaqlığı ilə seçilən, ziyalılarımızın stolüstü kitabına çevrilən “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı hazırda da öz ənənəsini qoruyur.  Dilçiliyin və ədəbiyyatşünaslığın bütün sahələrinə aid yüksək keyfiyyətli elmi məqalələr dərc edən bu jurnal türk, ingilis və rus dillərində də orijinal məqalələrin nəşrini həyata keçirir. “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı tədqiqat işlərinin sərbəst şəkildə ictimaiyyətə təqdim edilməsinin daha geniş və qlobal bilik mübadiləsini dəstəkləməsi prinsipi əsasında fəaliyyət göstərən açıq girişi təmin edən (Open-Access) resenziyalı elmi-metodik nəşr kimi, elmi ictimaiyyət, dilçi-alimlər, filologiya sahəsi üzrə mütəxəssislər, doktorant və magistrantlar, Azərbaycan dili və ədəbiyyat müəllimləri və uyğun ixtisas üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə jurnalın rəsmi internet saytı (www.tall.edu.az) yaradılmış və geniş oxucu kütləsinin istifadəsinə verilmişdir. Çap olunan bütün məqalələr Creative Commons Attribution-Non Commercial 4.0 International (CC-BY-NC4.0) lisenziyasının şərtləri əsasında yayımlanır. Saytda jurnalın tarixi, məqsədi, redaksiya heyəti və üzvləri, o cümlədən yeniliklər haqqında da məlumatlar verilir. Müəlliflərlə yüksək səviyyəli elmi məqalələrin dərci üçün Məqalə çağırışı bölməsi vasitəsilə əlaqə yaradılır. Müəlliflik hüquqları və ədalətlilik prinsipləri daima redaksiya tərəfindən qorunur. Redaktor və ya redaksiya heyətinin hər bir ədəbi üzvü təqdim edilmiş əlyazmalara məxfi sənədlər kimi baxır, məqalə haqqındakı məlumatı müvafiq müəllif, rəyçilər və naşirdən başqa heç kimə açıqlamır. “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının uğurlu nailiyyətlərindən biri də arxivinin yaradılmasıdır. Fəaliyyətə başladığı ildən (1954) bu günə qədərki bütün sayları saytın “Arxiv” səhifəsində yerləşdirilmişdir.

 

Hal-hazırda jurnal Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ETN-nin “Azərbaycan məktəbi” və “Məktəbəqədər və ibtidai təhsil” jurnalları ilə tərəfdaşlıq edir.

 

Jurnalın son dövrlər əldə etdiyi uğurlu nailiyyətləri sırasına Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına daxil olmağı və bir sıra tanınmış beynəlxalq bazalarda xülasələndirmə və indekslənməsi olmuşdur:

 

1. ERIH PLUS

2. IndexCopernicus

3. MIAR

4. Idealonline

5. DRJI

6. ASOS indeks

7. International Scientific Indexing ISI

8. AdvancedSciencesIndex

9. Calameo.com

10. Academia.edu

11. Archive.org

12. İstina

13. Issuu

14. ReadEra.org

15. Yumpu.com

16. Scribd.com

17. CiteFactor

18. AcademicResearchIndex/ResearchBib

19. RootIndexing

20. EurasianScientificJournalIndex

21. JournalsDirectory

22. SJIF

23. ROAD

 

Hazırda jurnalımızın növbəti sayı (2023, №3, 277) üzrə qəbul edilən məqalələr tam hazırlanmış və ilkin çap mərhələsindədir.

 

Ümid edirik ki, dilimizin saflığı və işləkliyi, tədqiqi və təbliği yolunda olan fəaliyyətimiz daimi olacaqdır.

 

Sehran SƏFƏROV,

“Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının baş redaktoru                               

 



15.07.2023 | 11:31