UNEC rektoru valideyn və abituriyentlərlə görüşüb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov abituriyentlər və onların valideynləri ilə görüşüb.

 

Valideynlər və abituriyentləri UNEC-də görməkdən məmnunluğunu ifadə edən rektor onlara universitetin strateji hədəfləri barədə məlumat verib. Bildirib ki, yüksək bal toplayaraq UNEC-ə qəbul olan abituriyentlərin sayının artırılması əsas hədəflərdən biridir. Rektor 2014-cü ildə birinci kurs üzrə UNEC-də dövlət sifarişli yerlərinin sayının 30 faiz olduğunu, 2022-ci ildə isə artaraq 79 faizə yüksəldiyini diqqətə çatdırıb.

 

QS beynəlxalq reytinqində UNEC-in Azərbaycan birincisi olduğunu xüsusi vurğulayan Ə.Muradov 2030-cu ilədək UNEC-in dünyanın 500 ən yaxşı universiteti sırasında yer almağı hədəflədiyini qeyd edib.

 

Rektor UNEC-də tətbiq olunan yeniliklərdən də bəhs edib. Elektron universitet modeli, hibrid auditoriyalar, dünyanın aparıcı universitetləri ilə ikili diplom və mübadilə proqramları, UDİD, xüsusi təqaüd  və TOP 15 təqaüdü, elmi məqaləyə görə müəllimlərlə yanaşı, tələbələrə də 4500 manatadək qonorarın verilməsi, startap hərəkatı, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verib. Həmçinin valideyn və abituriyentləri maraqlandıran sualları cavablandırıb.

 

Görüşdən sonra UNEC-də infotur təşkil olunub. Qonaqlar UNEC-in şəhid olan  məzunlarının xatirəsinə ucaldılan Memorial Abidə Kompleksini ziyarət edib, Bloomberg laboratoriyası, imtahan və oxu zalları, Ekstern Mərkəzi, 24/7 kitabxana ilə tanış olublar.

 



15.07.2023 | 10:20