“Code for future" layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramının bağlanış mərasimi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” şirkətinin əməkdaşlığı çərçivəsində ADPU-da təhsil alan tələbələr üçün təşkil olunan “Code for future" layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramının bağlanış mərasimi keçirilib.


Tədbirdə  ADPU-nun rektoru professor Cəfər Cəfərov, "Alqoritmika" şirkətinin nümayəndəsi Qəmər Məmmədova, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Ülkər Səttarova, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova, universitetin professor-müəllim heyəti, layihəyə qatılan tələbələr, həmçinin layihənin məzunları iştirak ediblər.
Qeyd edək ki, 2023-cü ildə “Code for future” layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramından 214 nəfər məzun olub.


Açılış nitqi ilə çıxış edən Cəfər Cəfərov bildirib ki, bu proqram Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbələrinin-gələcək müəllimlərin inkişafı üçün yeni üfüqlər açır. Son yeniliklərdən biri “Alqoritmika” tədris proqramının uğurlu icrasıdır. Proqram gələcək müəllimlərə müvafiq ixtisas səriştələri öyrətməklə, həmçinin onlara texnologiyaları kurikuluma problemsiz şəkildə inteqrasiya etməyi də mənimsədir.
 

Çıxış edənlərdən TKTA İdarə Heyətinin sədri Ülkər Səttarova və layihənin rəhbəri Nilüfər Rəhimova layihənin mahiyyəti, məzmunu, görülən işlər barəsində məlumat  veriblər. Bununla yanaşı, “Alqoritmika” şirkətinin nümayəndəsi Qəmər Məmmədova tərəfindən layihənin icrasına dair təqdimat nümayiş etdirilib.


Daha sonra səhnəyə layihənin ən yüksək bal toplamış məzunlarından olan "Ri̇yazi̇yyat və informati̇ka müəlli̇mli̇yi̇" ixtisasının tələbələri – Aysel Mayılova və Ülkər Aslanlı dəvət edilib, tələbələr layihə barəsində öz fikirlərini auditoriya ilə bölüşüblər.


Bağlanış mərasiminin sonunda ən yüksək bal toplayan 20 tələbəyə rektor C.Cəfərov və TKTA sədri Ü.Səttarova tərəfindən sertifikatlar təqdim olunub.

 

 



18.07.2023 | 15:05