Olimpiada DAHİLƏRİ

Məktəblilərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq fənn olimpiadalarında uğurla iştirak edərək Vətənə medallarla dönməkdədirlər. 15-21 iyul 2023-cü il tarixlərində İsveçin Lund şəhərində təşkil edilən “EGOI 2023” - Avropa Qızlar İnformatika Olimpiadasında məktəbli qızlarımız möhtəşəm nəticələr əldə edib. Belə ki, 52 ölkədən 189 şagirdin qatıldığı beynəlxalq müsabiqədə qızlarımız 1 qızıl və 1 gümüş medal qazanıblar. 2 gün davam edən “EGOI 2023” Beynəlxalq Olimpiadasında iştirakçılar 5 saat ərzində 4 alqoritmik məsələ həll etməyə çalışıblar və bunun üçün daha öncə öyrəndikləri alqoritmləri tətbiq ediblər.

 

Məlumat üçün qeyd edək ki, bu olimpiadanın keçirilməsində məqsəd informatika fənninə və kompüter elmlərinə qarşı qızların marağının artırılması, eyni zamanda informasiya texnologiyaları sahəsinə cəlb olunaraq onların gələcək mütəxəssis kimi yetişdirilməsidir. 2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 3 qızıl, 14 gümüş, 36 bürünc olmaqla, ümumilikdə 53 medal qazanıblar.

 

Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Qarayeva isə gümüş medal qazanıb.

 

“EGOI 2023” - Avropa Qızlar İnformatika Olimpiadasında medallar qazanan qızlarımızın müsabiqə barədə təəssüratlarını və sevincini oxucularımızla da bölüşürük.

 

“İnformatika sahəsində ən qabaqcıl, qızıl medallar qazanan ölkələrin bayraqlarının sırasında Azərbaycan bayrağının dalğalanması çox qürurverici idi”

 

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova: “Mənim olimpiada yarışlarında ilk addımlarımı atmağa Respublika və beynəlxalq olimpiadalarda yer tutmuş qardaşım Əziz Hüseynov dəstək olub. Daha öncə müxtəlif Respublika və beynəlxalq olimpiadalarda iştirak edərək qızıl və gümüş medallara layiq görülsəm də, Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) qazandığım uğurum mənim üçün xüsusilə qürurvericidir. 2022-ci ilin 16-23 oktyabr tarixlərində ölkəmiz ilk dəfə olaraq Türkiyə Respublikasında keçirilən “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak etdi. Mən gümüş medala layiq görüldüm və bayrağımızı ucaltdım.

 

Bu ilin may ayında Respublika informatika olimpiadalarında uğur qazanmış şagirdlər arasında Beynəlxalq İnformatika Olimpiadasına (IOI) və Avropa Qızlar İnformatika Olimpiadasına (EGOI) seçim aparıldı. Seçim zamanı ən yaxşı nəticə göstərmiş şagirdləri İspaniyanın Menorka adasına 2 həftəlik təlimlərə göndərdilər. Həmin şagirdlərdən biri də mən oldum. Biz 2 həftə ərzində İspaniyanın və Gürcüstanın komandaları ilə birlikdə təlimlərdə iştirak edirdik, 5 saatlıq yarışa qatılırdıq, yarışdan sonra isə həll etdiyimiz tapşırıq və məsələləri müzakirə edirdik. Mən düşünürəm ki, həmin təlimlər mənim “EGOI 2023” olimpiadasında qızıl medal qazanmağımda böyük rol oynadı.

 

İsveçin Lund şəhərində keçirilən olimpiada öncə iştirak etdiyim beynəlxalq müsabiqələrdən daha peşəkarcasına təşkil edilməsi və iştirakçıların yüksək səviyyədə hazırlıqlı olması ilə seçilirdi. Bundan əlavə, bu il rekord sayda (52) ölkə iştirak edirdi. Olimpiadanın sponsorları olan şirkətlər iştirakçılar üçün maraqlı tədbirlər, yarışlar təşkil edirdi. Bu yarışların birində bizim komandamız 2-ci yerə çıxdı. Həmçinin Lund Universitetinin professoru olimpiada iştirakçıları  ilə öz təcrübələrini paylaşdı, bu da bizim üçün çox maraqlı və faydalı oldu.

 

“EGOI 2023” - Avropa Qızlar İnformatika Olimpiadasından sözlə ifadə edilməyəcək qədər xoş təəssüratlar əldə etdim. İnformatika sahəsində ən qabaqcıl, qızıl medallar qazanan ölkələrin bayraqlarının sırasında Azərbaycan bayrağının dalğalanması çox qürurverici idi.

 

Mən dünya universitetlərinin reytinq sırasında 8-ci yerdə olan London Universitet Kollecinə (UCL) qəbul olunmuşam və təhsilimi orada davam etdirəcəyəm. Kompüter elmləri sahəsi üzrə biliklərimi təkmilləşdirərək ölkəmə və millətimə faydalı bir mütəxəssis kimi geri qayıtmaq istəyirəm. Təhsilimdə və olimpiadalarda hər zaman məni dəstəkləyən Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin rəhbərliyinə və ailəmə təşəkkür edirəm. Gələcək təhsilimdə mənə dəstək duran “PASHA Holding” şirkətinə xüsusi minnətdarlığımı bildirirəm”.

 

“Arzum sahəm üzrə peşəkar mütəxəssis kimi yetişərək Vətənimə yeni töhfələr verməkdir”

 

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Qarayeva: “Ötən ilə qədər mənim Avropa Qızlar olimpiadalarında medallarım ancaq riyaziyyat fənni üzrə olub. 2022-ci ilin aprel ayında Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızıl medal, iyul ayında isə Dünya Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışam. “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında qazandığım bürünc medalın isə mənim üçün xüsusi bir dəyəri var idi, çünki bu, mənim informatika üzrə ilk beynəlxalq olimpiada medalım olmuşdu.

 

“EGOI 2023” mənim üçün daha uğurlu nəticələrlə yadda qaldı. İsveçin Lund şəhərində təşkil edilən olimpiadada 189 iştirakçı arasından qumüş medal qazandım. Ukrayna, Polşa, Gürcüstan kimi ölkələrdən güclü rəqiblərimiz var idi. ABŞ, Sinqapur, Yaponiyadan çox istedadlı qızlar yarışırdı, sadəcə həmin ölkələr Avropa dövlətləri sayılmadığı üçün rəsmi olaraq iştirak etmirdilər. Dünyanın müxtəlif ölkələrini təmsil edən bacarıqlı qızlarla həm yarışdıq, həm dostlaşdıq, Lund şəhərinin maraqlı yerlərinə səfər etdik. Azərbaycanı uğurla təmsil etdiyimiz, bayrağımızı dalğalandırdığımız üçün çox sevincliyəm. Gələcək təhsilimi ABŞ-da yerləşən Massaçusets Texnologiya İnstitutunda (MIT) davam etdirəcəyəm. Arzum sahəm üzrə peşəkar mütəxəssis kimi yetişərək Vətənimə yeni töhfələr verməkdir”.

 

Qızlarımızı ürəkdən təbrik edir və onlara bütün fəaliyyətlərində müvəffəqiyyət diləyirik.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



28.07.2023 | 09:28